Latviyada yaşayan həmyerlimiz RFS - "Sabah" matçı haqda: "Oyun heç-heçə başa çatmalıydı"

14:43 - 31 İyul 2023

"RFS - "Sabah" görüşünü canlı izlədim. "Sabah" üçün oyun asan keçmədi. Amma onlar qələbə qazana bildilər. Hər halda, Latviyadan 2:0 hesablı qələbə ilə ayrıldılar. Bu da onlara üstünlük qazandırır. Düzü, bu cür nəticə gözləmirdim. Çünki RFS çempionatda yaxşı irəliləyir. Nəzərə alın ki,  "Sabah" avrokuboklarda və ümumiyyətlə, bu sezon ilk rəsmi matçına çıxırdı. Bakıdakı dostlarımdan biri ilə danışmışdım. Mənə dedi ki, "Sabah" 2:0, 3:0 qalib gələcək. Bildirdim ki, RFS evdə uduzmayacaq. Mərcə girdik, amma sonda dostum qalib gəldi. Sanki necə olacağını bilirmiş. Oyundan sonra ona zəng elədim və mərci uduzduğumu dedim(gülür)". 

Bu sözləri Sportal.az saytına açıqlamasında uzun illərdir Latviyada yaşayan və bu ölkənin bir çox klubunda çıxış etmiş Vüqar Əsgərov deyib.

O, Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilmiş RFS - "Sabah" görüşünü stadiondan canlı izləyib. Həmyerlimiz Masazır klubununu növbəti mərhələyə adlamaq şanslarını dəyərləndirib: "Düzünü deyim, məncə, matç heç-heçə başa çatmalıydı. Çünki RFS-in qol epizodları oldu, özü də yaxşı imkanlar idi, elə-belə deyildi. Sadəcə oyunçu keyfiyyəti öz sözünü dedi. "Sabah"ın heyətində çox güclü və səviyyəli oyunçular cəlb edilib. Bu da hesabda öz əksini tapdı. "Sabah"ın futbolçularına afərin. Nə demək olar, gəldilər, qələbə qazanıb Bakıya qayıtdılar. Latviyadakı oyunda azərbaycanlıların sayı çox idi. Bu da çox sevindirici hal oldu. Futbolda hər şey mümkündür. RFS uğurlu nəticə üçün Bakıda sona qədər mübarizə aparacaq. Amma bundan sonrası onlar üçün çətindir. Mən RFS-in məşqçilərinə dərhal dedim ki, ən azından gözəl Bakını görəcəksiz. Özü də, axşam gəzintisi daha gözəldir. Hamı bu ölkəni görməyi xəyal edir. RFS-ə də bunu görmək nəsib olacaq (gülür). Viktor Morozla münasibətim yaxşıdır. Amma onunla oyundan sonra danışmamışam. Əminəm ki, Bakını çox bəyənəcək və bizim mətbəxi də sevəcək".

Veteran futbolçu Azərbaycan klubunun heyətində bəyəndiyi oyunçunun adını da açıqlayıb: "Sabah"ın heyətində bir neçə oyunçunu bəyəndim. Yarımmüdafiənin mərkəzində yer alan 34 yaşlı Kristian çox yaxşı səviyyədə idi. Özünü yaxşı tərəfdən göstərdi. Yaşına baxmayaraq, görün necə oynadı. Elvin Camalov və Yusif İmanovun da adını çəkmək olar".

Mirbağırağa

Xəbər xətti