Azərbaycanlı məşqçi "Yurqorden"in stadionuna yollandı, Musanı canlı izlədi  - FOTOLAR

15:32 - 1 Avqust 2023

Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı futbol məşqçisi Valeh Qafarov Musa Qurbanlını canlı izləmək üçün Stokholma yollanıb. Belə ki, "Örebro" klubunda çalışan Qafarov İsveç çempionatını 16-cı turunun "Elfsborq"la görüşünü izləyib. O, Musanın debütü və "Yurqorden" stadionunda gördüklərini Sportal.az saytına açıqlayıb: 

"Elfsborq"la görüşdə Musanın debütünü görmək üçün Stokholma yollanmışdım. 0:4 uduzsalar da, Musa çox yaxşı oynadı, mübarizələri udurdu, hava toplarında çox yaxşı idi, ayaqla ötürmələrdə də özünü göstərirdi. O, meydana çıxandan sonra "Yurqorden"in hücumları daha da aktivləşdi və rəqib müdafiəçilər çətinlik yaşadı. Təəssüflər olsun ki, futbolçumuz meydana çıxanda artıq hesab 0:3 idi. Onun komandası müdafiədə çox zəif təsir bağışladı. "Elfsborq" İsveç çempionatında birinci yerdə gedir, güclü rəqibdir. Azarkeşlər Musanı çox sevir. Qollarını vurarsa, komandasının aparıcı futbolçusuna çevriləcək. Təsəvvür edin, "Yurqorden"in "Elfsborq"la görüşdə qapıya bir düzgün zərbəsi oldu, onu da Musa vurdu. Toplu və topsuz hərəkətləri, xarakteri...Çox yaxşı idi”.

Qafarovun dediyinə görə, "Yurqorden" - "Elfsborq" görüşü üçün stadiona Azərbaycan bayrağı və Musa yazılı plakatla gedib və Qurbanlı bunları görərək sevinib: "Musa oyundan qabaq isinmə hərəkətləri zamanı bayrağımızı və ona dəstəyimizi gördü, çox sevindi. Bacardığımız qədər ona burada dəstək olacağıq. Hətta oyundan qabaq “Yurqorden”in klub mağazasına girdik. Musanın 22 nömrəli futbolkasının bütün razmerləri satılmışdı".

Mirbağırağa


Xəbər xətti