Kipr mətbuatı: "Qəbələ" ilk oyunda sübut etdi ki, hər an təhlükəli ola bilər"

13:20 - 1 Avqust 2023

Kipr mətbuatı Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Omoniya” və “Qəbələ”  klubları arasında keçiriləcək cavab oyunu haqda yazıb.

Sportal.az xəbər verir ki, "Kathimerini" portalı Nikosiya təmsilçisini cavab görüşündə daha diqqətli olmağa çağırıb:

"Əlbəttə ki, "Omoniya" keyfiyyət baxımından Azərbaycan klubunu üstələyir. Lakin cavab matçında son dərəcə diqqətli olmaq lazımdır. Çünki rəqib ilk oyunda bütün mümkün yollarla "Omoniya"ya qol vurmağa qadir olduğunu göstərdi. "Qəbələ"nin hər iki qolu mütəşəkkil oyun və cərimə meydançasındakı kombinasiyalar nəticəsində vurulub. Bununla yanaşı, Azərbaycan təmsilçisi üç dəfə real qol imkanı da əldə etmişdi. Matçın 24-cü dəqiqəsində "Qəbələ" üstünlüyü ikiqat artırmaq şansını əldən verdi. Osama Xalayla Fabiano səddini keçməyi bacarmadı. Üç dəqiqə sonra Ahmed Ayzayanın zərbəsi qapı tirinə tuş gəldi. Üçüncü qol şansını isə 61-ci dəqiqədə hesab 2:2 olarkən künc zərbəsindən sonra Murad Musayev əldə etmişdi. Amma onun da zərbəsi dirəyə tuş gəldi. Beləliklə, “Qəbələ” mütəşəkkil hücumlarla iki qol vura bildi. Lakin əks-hücumlar, uzaq məsafədən zərbələr və standart vəziyyət sayəsində Kipr klubunun qapısına daha üç qol vurmağa yaxın idi.

Bütün bunlara əsaslanaraq, “Omoniya” ikinci matça daha hazırlıqlı yaxınlaşmalıdır. Azərbaycan komandası ilk oyunda sübut etdi ki, hər an təhlükəli ola bilər. Ona görə də nikosiyalılar toparlanmalı və növbəti mərhələyə çıxmaq üçün bütün "silahlar"ından istifadə etməlidir".

Qeyd edək ki, "Omoniya" - "Qəbələ" matçı avqustun 3-də Nikosiyadalkı GSP stadionunda keçiriləcək.

Xəbər xətti