UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib. Onların arasında milli komandamızın sabiq üzvü Müşfiq Qənbərov da var.
Sportal.az saytı olaraq 45 yaşlı mütəxəssislə əlaqə saxlayaraq təəssüratlarını öyrəndik. Müşfiq Qənbərov həm A kateqoriyası alması haqda, həm də ölkə futbolu barədə fikirlərini bildirdi:
- UEFA-nın A kateqoriyasına yiyələndiniz. Təəssüratlarınız necədir?
- Təəssüratlarım çox yaxşıdır. Xoş oldu ki, AFFA -nın texniki direktoru Cahangir Həsənzadə təqdimatda iştirak etdi. Kateqoriyanı Aslan Kərimovun təqdim etməyi xoş oldu. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Kateqoriyalar təqdim olunarkən atam da yanımda idi. O, hər zaman mənə dəstək olub, uğurlarıma sevinib. Buna görə də atamın yanımda olmasını istədim.
- Gələcək planlarınız nədir?
- 13 illik iş təcrübəm var. Son 4 ildə "Səbail"də işlədim. Açığı, dəvətlərim olub. Hələ ki, gözləmə mövqeyindəyəm. İstədiyim iş yerləri olmadığına görə dəyərləndirmirəm.
- Klublarımızın avrokuboklardakı çıxışını necə dəyərləndirirsiz?
- "Qarabağ" sevimli komandamızdır. Məğlubiyyətə baxmayaraq, onların mərhələni keçəcəyinə inanıram. "Sabah"ı xüsusi qeyd edərdim. Səfərdə RFS-nı 2:0 hesabı ilə məğlub etdilər. Onların da mərhələni keçəcəyini düşünürəm. Bir az "Qəbələ"nin işi çətindir. "Omoniya" ilə matçı iki hissəyə bölərdim. Birinci hissədə "Qəbələ" yaxşı oynadı, ikinci yarıda isə rəqib. Onlar üçün səfərdə çətin oyun olacaq. "Neftçi"də çox dəyişikliklər oldu. Yeni məşqçi, yeni oyunçular gəlib. Oyun baxımından xətlərarası əlaqə yox dərəcəsindədir. İnanıram ki, evdə rahat qələbə qazanacaqlar.
- "Qarabağ" "Rakuv"la matçda geridönüş edə biləcək?
- "Qarabağ"dan əvvəl Qurban Qurbanov haqda danışmaq istəyirəm. O insana həmişə simpatiyam olub. Bir məşqçi, pedaqoq kimi futbolçuların arxasında dayanıb. Mənim üçün çox xoş oldu ki, Şahruddin Məhəmmədəliyevin arxasında dayandı. O cür səhvlərdən sonra onu müdafiə etməsi Qurban müəllimin insani keyfiyyətlərindən xəbər verir. "Qarabağ" evdəki matçda lazım olan nəticəni əldə edərək mərhələni keçəcək. Polşada buraxılan qollar uşaq səhvləri idi. "Qarabağ"ın qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.
- İki gün sonra Azərbaycan Premyer Liqası başlayır. Yeni mövsümdən gözləntiləriniz nədir?
- Çempionluğa əsas namizəd həmişəki kimi yenə də "Qarabağ"dır. "Neftçi"də köklü dəyişikliklər olub. "Ağ-qaralar" hələ ki, bağlı sandıqdır. Adrian Mutunun işi görünəcək. Ona zaman lazımdır. "Qəbələ"ni xeyli futbolçu tərk etdi, yeni oyunçular gəlib. "Turan Tovuz" da yaxşı transferlər edib. Ayxan Abbasovun işini müsbət dəyərləndirirəm. O, məşqçi kimi daim üzərində işləyəndir. "Səbail"də 90 faiz dəyişikliklər baş verdi. Komanda demək olar ki, yenidən qurulub. Murad Musayevin "Sabah"dakı işi göz qabağındadır. Düşünürəm ki, "Sabah"la "Qarabağ" çempionluq uğrunda vuruşacaqlar.
- Sizcə, Premyer Liqada qalmaq mübarizəsi hansı komandalar arasında gedəcək?
- "Sumqayıt" bir neçə transfer edib, etməyə də davam edirlər. Samir Abasov istədiyi komandanı quracaq. "Araz Naxçıvan" bir az gec yığıldı. Onlar da transferlər etməyə çalışırlar. Bir az "Kəpəz" axsayır. Azər Məmmədovun baş məşqçi kimi ilk işidir. Ona uğurlar arzulayıram. Gəncə ikinci ən böyük şəhərimizdir. Oranın azarkeşləri çox çılğındır. Hansısa komandanın Gəncədə "Kəpəz"i məğlub etməyi elə də asan deyil.
- Bu il II liqa yaradıldı. Bunun futbolumuza hansı faydaları olacaq?
- Çox böyük faydası olacaq. Son illərdə əvəzedicilərlə I Divizion birləşmişdir. Buna görə də komanda sayı az idi. Artıq əvəzedicilərin öz çempionatı olacaq, I və II liqalar var. Buna görə də kənarda qalan futbolçu olmayacaq. Hər bir komandanın futbolçulara ehtiyacı olacaq.
Elçin Əlixan
saytlarin hazirlanmasi