Filip Ozobiç: "Beşiktaş" haqda danışmaq hələ ki, tezdir" - MÜSAHİBƏ

12:30 - 4 Avqust 2023

"Fikrimcə, hər iki matçda "Jelezniçar"dan daha yaxşı oynadıq. Bakıdakı matçda qələbəmizi qazana bildik. Ümumilikdə, layiqli şəkildə qalib gələrək, növbəti mərhələyə adladıq. İstəyimizi reallaşdırmağımıza görə sevinirəm".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Filip Ozobiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Jelezniçar"la(2:0) Bakıda keçirilmiş oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

-  Komanda son dəqiqələrdə yorğun görünürdü. Hava şəraiti ilə əlaqədar idi?

- Mövsümün startıdır. Üstəlik, hava da isti idi. Biz hesabda 2:0 öndə idik deyə, "Jelezniçar"ın təzyiqi də hiss olunurdu. Lakin hər şey qaydasında idi. Layiqli qələbə qazandığımızı düşünürəm.

- İkinci qola qədər həyəcan var idi?
- İkinci qolu vuraraq daha rahat oynamağa çalışdıq. Şadam ki, bunu edə bildik. Qol vurmaq üçün daha bir neçə şansımız oldu. Lakin istifadə edə bilmədik. Amma istənilən halda, mərhələ adlamağımıza görə sevinirik.

- "Jelezniçar" kimi komandaya qarşı indiyə qədər oynamışdın?Sanki futbol oynamaqla yox, başqa işlə məşğul idilər...

- Hər komandnaın öz oyun stili var. "Jelezniçar" da yaxşı komandadır. Onlar meydanda döyüşürdülər. Bu mentalitetə bələdəm. Çünki Xorvatiyada da belə oynayan komandalar var.

- Hər iki matçda yalançı doqquz nömrə kimi sivri ucda oynadın. Necə alındı?
- Məncə, normal alındı. Əslində, mənim üçün hücumçu oynamaq problem deyildi. "Neftçi"nin qələbə qazanmasından yana hər şeyi etməyə çalışdım. Baş məşqçinin tapşırığını yerinə yetirirdim. Şadam ki, hər şey yaxşı alındı.

- Komandanız artıq üçüncü mərhələdədir. Növbəti rəqibiniz olan "Beşiktaş" haqda fikrin necədir? Bu oyundan nə gözləmək olar?
- "Beşiktaş" haqda danışmaq hələ ki, tezdir. Çünki qarşıda bizi çempionatın startı gözləyir. “Kəpəz”lə matçımız var. Biz həmin görüş haqda düşünəcəyik. "Kəpəz"ə qarşı matç başa çatdıqdan sonra isə “Beşiktaş”la oyun haqda fikirləşəcəyik. 

-  Adrian Mutunun gəlişindən sonra "Neftçi"də nə dəyişib?

- Komandada yaxşı əhval-ruhiyyə hökm sürür. Üstəlik, oyun intizamı var. Hər halda, bunu kənardan görmək də olar.

Mirbağırağa

Xəbər xətti