"Turan Tovuz" Azərbaycan Premyer Liqasının ilk turunda səfərdə "Araz Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında qərb bölgəsi təmsilçisinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb:
- Böyük həyəcan gözləyir hamını. Komandamı təbrik edirəm, azarkeşlərə təşəkkür edirəm. Səfərdə oynadığımızı hiss etdirmədilər. Çətin oldu. Belə olacağı bəlli idi. Yenilər var, tam hazır deyilik, çempionata uyğunlaşmaq üçün vaxt lazımdır. Rəqibin oyun stilinə də bələd deyildik. Amma çalışdıq ki, komandaya rəqib haqda məlumat verək. "Araz Naxçıvan"ın təzyiqi oldu. İlk 20 dəqiqədə epizodlar verdik. Ancaq sonradan epizodlar yaratdıq. Sevinirəm ki, hücumçularım qol vurdu. Oyundan-oyuna artıracağıq, artırmalıyıq da. Çempionat gərgin olacaq, hər xal vacibdir. Üç xal çox önəmli idi.
- Stadionunuzda gedən təmir işlərinə görə dörd oyunu səfərdə keçirəcəksiz. Bu, planlarınıza təsir edəcək?
- "Səbail"lə evdə oynamalıyıq. İstəyərdik ki, evdə oynayaq. Tovuzlu azarkeşlər bizi gözləyir. Rəhbərlik böyük işə başlayır. Müvəqqəti çətinliyə hər kəs dözməlidir. Tovuzda işıqlandırma sistemi qoyulur. Bölgələrdə nadir hallarda olurdu. Qəbələdən sonra Tovuzda da olacaq, axşam rahat oynayacağıq. Azarkeşlər də işdən sonra rahat futbol izləyəcək. Səbrli olmalıyıq. Əsas odur ki, səfər matçlarından maksimum istifadə edək.
- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Fikriniz necədir?
- Avrokuboklarda oynayan komandaların heyəti genişdir. İstəyirəm ki, bütün rəqiblərə qarşı mübarizə aparaq. "Qarabağ" da onlardan biridir. Hazırlaşacağıq.
- İlk dəqiqələrdə "Araz Naxçıvan" daha üstün idi. Sanki arxayın idiniz...
- Arxayın deməzdim. Rəqibdə yaxşı futbolçular var. Son günlər onları analiz etmişdim, yaxşı, keyfiyyətli futbolçulara sahibdirlər. Fərdi səhvlər oldu, küləyin də təsiri var idi. Topu çıxarırdıq, üstümüzə gəlirdi. Əsas odur ki, düzgün oynadıq. Təzyiqdə qol buraxmamaq vacib idi. Vaxtımızı gözlədik.
- İki-üç tur lazımdır ki, istədiyiniz "Turan Tovuz"u görəsiz?
- İlk turlar həmişə çətindir. Heyətimizə baxsaq, keçən ilkindən fərqlidir, yenilər var. Yenilərin uyğunlaşması bizim üçün vacibdir. Komandanın potensialına bələdəm. İnanıram ki, daha yaxşı olacağıq.
- Heyət geniş olanda məşqçilər çaşqınlıq içində qalır. Sizdə belə problem var?
- Sağlam rəqabətimiz var. Oyundan-oyuna dəyişikliklər olacaq. Heyətimiz genişdir, amma rəqiblərdə bizdən də genişdir. Biz bir transfer edəndə, rəqiblər 3-4 transfer edir. Hamı bütün oyunları fikirləşir. Heyətin geniş olması yaxşıdır.
- Bu mövsüm üçün qarşınıza hansı məqsəd qoyulub?
- Rəhbərliklə üç illik plan fikirləşmişik. Futbolçularla da iki illik müqavilə imzalamışıq. Heyətimiz qorunmalıdır. Kubokda və çempionatda mübarizə aparıb, yuxarılarda olmaq istəyirik. Gələcəkdə iddialılar sırasında olmaq istəyiriksə, klub olaraq inkişaf etməliyik. Uşaq futbolundan tutmuş, stadion, baza... Geniş fikirləşirik. İddialı olmaq istəyirik. Vaxt lazımdır.
- Martin Petkov deyəsən Runi Evanın yoxluğunu hiss etdirməyəcək...
- Hücumda böyük rəqabət var. Bu il üstünlüyü hücumçulara vermişik. Paçu təəsssüf ki, zədələndi. Bir oyunçu da qoşulacaq. Rotasiyalar, dəyişikliklər edəcəyik. Runi ötən mövsüm yaxşı oynadı. Təəssüf ki, getdi. Martin Petkov gəncdir, Bolqarıstanın U-21 yığmasında oynayıb, gələcəyi var. Hamısına çox inanırıq.
Mirbağırağa
saytlarin hazirlanmasi