Yığmamızın serbiyalı eks məşqçisi: "Partizan" favoritdir, lakin "Sabah"ın itirəcək heç nəyi yoxdur"

14:51 - 8 Avqust 2023

Azərbaycanın U-16, U-19 yığmalarında çalışmış Miloş Velebit Sportal.az saytına açıqlama verib.

Ölkəmizdən ayrıldıqdan sonra Taylandın U-20, U-21 yığmalarında çalışmış serbiyalı mütəxəssis hazırda işsiszdir. Velebit Konfrans Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Partizan" görüşündən gözləntilərini bölüşüb. O, Belqrad klubunun təcrübəyə malik olduğunu deyib:

"Partizan"ın böyük tarixi və avrokuboklarda böyük təcrübəsi var. Hücumda fərdi ustalığı yüksək futbolçulara sahibdirlər. Amma son dönəmdə komandanın çox problemi var. Keçən ildən bir neçə vacib oyunçusuz qalıblar. Onlar bir çox yeni oyunçu ilə müqavilə imzaladılar. Bilmirəm ki, bu oyuna qədər müdafiə fazasında yaxşı təşkilatlanmaq üçün nə qədər vaxtları var. Digər tərəfdən, "Sabah" ötən il yaxşı işlər gördü, rəhbərlik və Murad Musayev yaxşı komanda yaratdı. Sürətli və müasir futbol oynayırlar. Son dövrədə onlar yaxşı formadadırlar və axırıncı görüşlərdən sonra demək olar ki, böyük inamla oynamalıdırlar. Çox maraqlı matçların olacağını gözləyirəm. Təcrübəsi daha çox olduğu üçün "Partizan" üstünlüyə malikdir. Amma dediyim kimi maraqlı matçlar gedəcək və xırda detallar həlledici olacaq. “Partizan” cüzi favoritdir, lakin “Sabah”ın bu görüşdə itirəcək heç nəyi yoxdur".

Velebitin fikrincə, "Sabah" "Partizan" xəttini keçsə, sürpriz sayılacaq: "Əslində, bu, böyük sürpriz olacaq. Çünki "Partizan" böyük tarixə malik, avrokuboklarda böyük təcrübəsi olan klubdur. Amma "Sabah"ın növbəti mərhələyə keçməsi böyük sürpriz olmayacaq. Çünki hazırda yaxşı tempdədirlər".

43 yaşlı mütəxəssis Serbiyanın U-18, U-19 yığmalarında da işləyib.

Mirbağırağa
 

Xəbər xətti