"Qəbələ"nin yeni transferi: "Harada olmuşamsa, ən yaxşısını etməyə çalışmışam" - MÜSAHİBƏ

14:34 - 9 Avqust 2023

"Qəbələ"nin yeni transferi Rəşad Əzizli Sportal.az saytına müsahibə verib. 

- "Qəbələ"yə keçidin necə alındı? Maraqlıdır, gec alınmasının səbəbi nə idi, klub gözləmə mövqeyi tutmuşdu, yoxsa sən cavablamaqda tələsmirdin?

- "Qəbələ"dən təklif gəldi, danışdıq razılaşdıq. Sadəcə həmin dövrdə mən fərdi məşq edirdim. Onlar isə artıq təlim-məşq toplanışındaydım. Bu mənada, Türkiyyə yollanmağım alınmadı. Ona görə komanda vətənə qayıtdıqdan sonra kollektivə qoşuldum. Şadam ki, "Qəbələ" kimi komandaya keçmişəm.

- Bir müddət əvvəl Elmar Baxşıyev bildirmişdi ki, ötən mövsümdən Rəşadın zədəsi var və onun bərpası ilə məşğuldur. Hazırda durumun nə yerdədir? Yaxşısan?

- Ötən mövsümün son oyununda zədələnmişdim. Amma artıq hər şey yaxşıdır. Sağalmışam. Kollektivə qoşulmuşam, məşqlərimi edirəm. 

- Əsas qapıçı Kristof Atanqana bu mövsüm keçirdiyi matçlarda - istər avrokubok, istərsə də çempionat matçında inamlı təsir bağışlamır. Gözlənilən budur ki, çərçivə başqa qapıçıya etibar edilsin. Sən özün hazırsan buna?

- Bunlar baş məşqçinin verəcəyi qərarlardır. Kimin oynayıb, kimin oynamamasına o qərar verir. Dediyim kimi, mən məşqlərimi edirəm. Məşqçilər korpusu nə vaxt lazım bilsə, onda oynayacam. 

- Ötən mövsüm "Şamaxı" liqadan düşsə də, mövsüm ərzində etibarlı oyun sərgiləyə bilmişdin. İndi isə daha iddialı "Qəbələ"nin futbolçususan. Məqsədin nədən ibarətdir, "Qəbələ"də "bir nömrə" ola biləcəksən?

- Həmişə harada olmuşamsa, ən yaxşısını etməyə çalışmışam. İnanıram ki, "Qəbələ"də də bacaracam. Yaxşı rəqabət var. Hamımız "Qəbələ"nin uğuru üçün çalışırıq.

- "Qəbələ" avrokuboklarda uğursuzluqla üzləşdi, "Omoniya"ya hər iki görüşdə uduzdu. Səncə, bu matçlarda uğurlu olmağa, mərhələ adlamağınıza nə mane oldu?

- Komandaya mən də daxil olmaqla, yeni futbolçular qoşulub. Belədə, yenidən hər şeyə başlamaq lazım gəlir. Məşqçinin də komandaya tam idealını yeritməsi üçün vaxt lazımdır. Avrokuboklardakı təmsilçilərimiz arasında ən çətin rəqibə bizə düşmüşdü. Qəbələdəki matçda üstünlük bizdə idi. Amma səfərdə daha çətin keçdi. 

- Ardınca Premyer Liqa matçında "Sabah"a 0:5 uduzdunuz. Buna nə səbəb oldu, yorğunçuluq? Toparlana biləcəksiz?

- Nikosiyadan qayıtmışdıq. Yol yorğunçuluğu var idi. Üstəlik, ağır səfər oldu. İki gün sonra "Sabah"la oynamaq çox ağır idi. İlk turda qələbə və məğlubiyyət hələ heç nə demək deyil. Qarşıda çox oyunlar var. Hər şey qabaqdadı.

Mirbağırağa
 

Xəbər xətti