"Beşiktaş"a qarşı oynamış futbolçu: "Bu gün Neftçi"nin 1:0 qalib gələcəyini düşünürəm" - MÜSAHİBƏ

11:53 - 10 Avqust 2023

"Neftçi"nin futbolçusu Slavko Georgiyevski Sportal.az saytına müsahibə verib. Şimali makedoniyadan olan legioner vaxtı ilə "ağ-qaralar"ın bu gün keçiriləcək matçdakı şanslarını dəyərləndirib. O, bununla yanaşı, "Neftçi" və "Beşiktaş" arasında (1:1) 2010-cu ildə keçirilmiş yoxlama görüşünü də xatırlayıb. 

- "Neftçi" Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Jelezniçar" səddini keçə bildi. Səfərdə 2:2 oynayıb, evdə Bosniya və Herseqovina klubuna 2:0 qalib gəldilər. "Neftçi" gələcək üçün perspektiv vəd edir?

- "Neftçi"nin avrokuboklarda mərhələ adlaması çox yaxşı haldır. "Jelezniçar" çətin komanda idi, lakin onları məğlub etməyi bacardılar. Bu, sevindirici haldır. Amma "Kəpəz"ə məğlub olmaqları....Nə deyim. Gəncədəki məğlubiyyətdən sonra hansısa proqnoz vermək olmur. Məncə, nəsə demək çox tezdir.

- Bu gün isə "Neftçi" "Beşiktaş" önünə çıxacaq. Matçla bağlı düşüncələrin necədir?

- "Neftçi" üçün ağır, çətin olacaq. Amma "Beşiktaş"a qarşı qorxmadan oynamaq lazımdır. Əslində, "Neftçi"də keyfiyyət var. Bütün oyunçular ürəklə oynamalıdır. Bu olacağı təqdirdə, uğura ümid etmək olar.  

- "Beşiktaş" görüşün və cütün favoriti hesab edilir. Səncə, "Neftçi"yə nə və ya kim kömək ola bilər ki, pley-off mərhələsinə vəsiqə qazansınlar?

- İndiyə qədər futbolda sürpriz çox olub. "Neftçi" "Beşiktaş"dan qorxmayaraq, futbolçuları tam ürəyi ilə oynamalıdır. Çox istəyərdim ki, "Neftçi" bu gün "Beşiktaş"a qalib gəlsin. 

- "Neftçi"nin "Beşiktaş"ı məğlub etməsi realdır?

Əlbəttə ki, realdır. "Beşiktaş" üzərindəki qələbə "Neftçi" üçün çox vacibdir. Onlar həm mərhələ adlamaq baxımından həvəslənəcək, həm də özünəinam yüksələcək. "Neftçi" futbolçuları özü də, bunu anlayır. Onların sona qədər mübarizə aparacağına inanıram.

- Sənin proqnozun necədir?
- Proqnoz vermək çətin məsələdir. Amma mən çox istəyərdim ki, "Neftçi" qalib gəlsin. Yaxşı, proqnozumu da deyim. "Neftçi" "Beşiktaş"a 1:0 qalib gələcək.

- "Neftçi" səfər matçına ümidli çıxmaq üçün Bakıda 1:0 hesablı qələbə onlara kömək ola bilər? Ümumiyyətlə, Adrian Mutunun gəlişindən sonra komandanın oyun planında inkişaf hiss edilir?

- Bəli, məncə 1:0 yaxşı hesabdır. İnkişafa gəlincə, bunun üçün zaman lazımdır. "Jelezniçar"ı məğlub etdilər, amma "Kəpəz"ə uduzdular. Sadəcə zaman lazımdır. "Beşiktaş"la görüşdə "Neftçi"nin səviyyəsini görəcəyik. Ümid edirəm ki, hər şey mənim doğma komandam üçün uğurlu alınacaq.

- Yeri gəlmişkən, vaxtı ilə bu iki komanda arasında keçirilmiş və 1:1 hesabı ilə yekunlaşmış yoldaşlıq görüşündə sən də iştirak etmisən. Həmin oyunu necə xatırlayırsan?

- "Neftçi"nin həmin və indiki heyəti arasında fərq var. Ümumiyyətlə hər iki futbol arasında da fərq az deyil. O vaxtı yoldaşlıq görüşünə çıxmışdıq, amma biz yaxşı oynaya bilmişdik. İndi "Beşiktaş"ın özündə də təzyiq var. Avrokuboklar oyununa çıxanda, istənilən komandada gərginlik olur. "Neftçi"nin qalib gəlmək üçün yaxşı şansı var. Hər zaman bu komandanın uğurunu arzulayıram.

Mirbağırağa

Xəbər xətti