"Sabah" basketbol klubunun baş məşqçisi Boban Mitevin FİBA Avropa Kubokunda püşkatma ilə bağlı fikirlərini bildirib.
Sportal.az klubun mətbuat xidmətinə açıqlama verən şimali makedoniyalı mütəxəssis məqsədlərindən söz açıb:
"İlk olaraq onu deməliyəm ki, məni burada çox isti qarşıladılar. Buna görə "Sabah" ailəsinə təşəkkür edirəm! Komandanın inkişafı üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. Püşkə gəlincə hər şey mümkündür. Biz Avropada debütant sayılırıq. Yeni komandayıq.Klub olaraq beynəlxalq turnirlərdə iştirak təcrübəmiz yoxdur. İlk olaraq mərhələli şəkildə komandanı avrokubok oyunlarına hazırlamalıyıq. Komanda yenidən qurulur. Zəif və güclü tərəflərimizi müəyyənləşdirməliyik. Rəqiblərimiz yaxşı maddi dayaqlara malik klublardır. Mənim ölkəmi təmsil edən "Rabotniçki" klubunun yaxşı büdcəsi var. Buna baxmayaraq bu oyunlardan qalib ayrılmaq üçün hər görüşdə maksimum var gücümüzlə mübarizə aparacağıq".
Qeyd edək ki, "Sabah" FİBA Avropa Kubokunda 2023/2024 mövsümündə təsnifat mərhələsinin A qrupunda "Donar Qroningen" (Niderland), "Rabotniçki" (Şimali Makedoniya), "Rapid" (Buxarest, Rumıniya) klubları ilə mübarizə aparacaq. Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedə yerləşən Kale Arenada keçiriləcək. Qrup qalibi FİBA Avropa Kubokunda müntəzəm çempionata vəsiqə qazanacaq.
"Sabah" müntəzəm çempionata vəsiqə qazanacağı təqdirdə "D" qrupunda "Mornar" (Monteneqro), "Bahçaşehir" (Türkiyə) və "Nimbruk" (Çexiya) komandaları ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi