"Neftçi"də çalışanlar arasında daha çox öz marağını güdən, pul qazanmağı düşünənlər var" - MÜSAHİBƏ

13:33 - 29 Sentyabr 2023

"Neftçi"nin sabiq kapitanı Flavinyo Sportal.az saytına müsahibə verib. Futbolçu karyerasını başa vurmuş braziliyalı "ağ-qaralar"ın bu mövsümkü çıxışından söhbət açıb.

- "Neftçi"nin yeddi turdan sonra turnir cədvəlində altıncı pillədə yer alması sizin üçün gözlənilməz olmadıki? 

- Bəli, bilirəm ki, "Neftçi" hazırda turnir cədvəlində 6-cı pillədədir. Bu da mənim üçün gözlənilməz olmadı. Bilirsiz niyə? Çünki artıq 10 ildir ki, komanda bu durumdadır, aşağı-yuxarı həmin pillələrdədir. Ona görə də, bu mənim üçün təəccüblü gəlmədi.

- Əslində, komanda avrokuboklara uğurla başlamışdı, amma avrokuboklar da uğursuz başa çatdı. Çünki “Beşiktaş” səddini keçə bilmədilər...

- "Beşiktaş"la oyunların epizodlarına baxmışdım. Bilirsiz, "Beşiktaş"a uduzmağı hardasa qəbul etmək olar. Onsuzda, biz klubdan ayrıldıqdan sonra "Neftçi" bir daha fərqli və ya vacib iş görmədi. Ona görə də, bu haqda geniş nəsə demək istəməzdim. 

- "Neftçi" yayda baş məşqçi postuna Adrian Mutunu gətirdi ki, onunla bərabər çox sayda yeni oyunçular da dəvət edildi. Onlara nə qədər vaxt lazımdır ki, uğurlu nəticə qazana bilsinlər?

- Düzü, Adrian Mutunu məşqçi kimi tanımıram. "Neftçi" klubda işlərini səhmana salmalıdır. Orada çox adam işləyir. Onlar arasında daha çox öz marağını güdən, pul qazanmağı düşünənlər var. Klubu sevməyən, düşünməyənlər az deyil. 

- Ancaq bu mövsüm "Neftçi"dən gözləntilər yüksəkdir...

- "Neftçi"nin azarkeşləri daim qələbələr qazanmağa öyrəşib. Amma artıq 10 ildir ki, "Neftçi" heç nə edə bilmir. Doğrudur, bir dəfə çempion oldular, amma mən stabil şəkildə nəsə etməyi nəzərdə tuturam. İnanmıram ki, "Neftçi"nin bu mövsümkü nəticəsi əvvəlkilərdən fərqlənsin. Çünki 2023/2024 mövsümü  son illərdəki kimi eyni başlayıb. Komanda pis oynayır, necə görüşdür ki, qalib gələ bilmir. Necə olacağını bilmirəm.

- Bu cür oyunla, nəticələrlə çempionluq qazanmaq mümkündür?

- Nəsə demək çətindir. “Neftçi” hər zaman mənim ürəyimdədir. Hər zaman bu klubda ən yaxşısını etməyə çalışmışam.

Mirbağırağa

Xəbər xətti