"Liverpul"un sabiq baş məşqçisinə UEFA-da vəzifə verildi

23:57 - 12 Oktyabr 2026

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/27 mövsümü üçün texniki müşahidəçilər qrupuna daxil edilib.

Sportal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Qrupun tərkibinə Avropa klub turnirlərində keçirilən oyunları, taktiki tendensiyaları və məşqçi qərarlarını təhlil edən 36 mütəxəssis daxildir. Onlar həmçinin statistik məlumatlar və videomateriallar əsasında texniki hesabatlar hazırlayırlar. Slotla yanaşı, qrupa Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də daxil edilib.

Slot 30 may 2026-cı ildə “Liverpul”dan ayrılıb. Niderlandlı mütəxəssis 2024-cü ildən İngiltərə klubuna rəhbərlik edib və komandanı 2024/25 mövsümündə İngiltərə Premyer Liqasının çempionluğuna daşıyıb.

Xəbər xətti