Bazar günü növbəti oyununa çıxacaq “Araz-Naxçıvan” “Zirə” ilə qarşılaşacaq.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlə oyunun hazırlığını davam etdirən Naxçıvan klubu qırmızı vərəqə cəzalısı olduğuna görə ötən matçı buraxan Mohammed Kadiri də kömək edəcək. Bəs komandada vəziyyət necədir? Tural Bayramlının arazpfk.com-a açıqlaması:
"Səbail”lə matçda biz yaxşı oynasaq da, çoxsaylı qol epizodlarını yaradan komandamız olsa da, 3 xalı rəqib qazandı. Əlbəttə, futbolun bu tərəfi də var: sən vurmasan, sənə vuracaqlar. Nəticə bizə pis təsir etdi, ancaq həmin görüşü unudub, “Zirə” ilə matça konsantrasiya olmuşuq. Məşqlərimizi gündə bir dəfə olmaqla davam etdirirk. Uşaqlar həvəslə hazırlaşır, əhval-ruhiyyə də yaxşıdır. Oyunumuzu bu şəkildə davam etdirsək, həm xal ehtiyatımızı artıracağıq, həm də komandalara başağrısı olacağıq…".
Yarımmüdafiəçi rəqiblə bağlı isə qısa danışıb: “Zirə” çempionatın iddialı komandalarındandır. Baş məşqçi Rəşad Sadıqov yaxşı işlər görüb. Bazar günü keçiriləcək matçda özümüzə uğurlar arzulayıram”.
Bayramlı rəqibin turnir cədvəlinə başçılıq etməsinin onlar üçün narahatlıq yaratmadığını da deyib: “Biz meydana çıxanda rəqibin hansı pillədə qərarlaşmasına deyil, öz oyunumuza, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə diqqət edirik. Təbii ki, zirvədə qərarlaşıblarsa, deməli, güclüdürlər. Meydana qələbə qazanmaq üçün çıxacağıq. Buna nə dərəcədə nail olacağımız oyun zamanı yaradacağımız qol epizodlarını realizə etməyimizdən asılıdır. Azarkeşlər baxımlı və maraqlı futbol izləyəcəklər".
saytlarin hazirlanmasi