"Həmin matçda bərabərlik və məğlubiyyət haqda düşünmürük, qələbə qazanmaq istəyirik" - MÜSAHİBƏ

13:34 - 2 Oktyabr 2023

"Qəbələ"nin iordaniyalı yarımmüdafiəçisi Omar Hanni Sportal.az saytına müsahibə verib. O, komandasının Premyer Liqanın 8-ci turunda “Kəpəz” üzərində qazandığı qələbəni şərh edib.

- "Qəbələ" "Kəpəz"lə matçda qələbə qazanmağı bacardı. Qarşılaşma sizin üçün necə alındı? 

- Təbii ki, ağır oyun oldu. Çünki Gəncə səfərindəki matçlar heç vaxt asan alınmır. Komanda oyundan-oyuna artırdıqda, özümüz də daha çoxunu gözləyirik. Şadam ki, qələbə qazana bildik.

- "Qəbələ" bu qələbə sayəsində turnir cədvəlinin sonuncu pilləsindən qurtuldu. Səncə, sizin üçün yeni period başlayır?

- Bəli, hər kəs üçün nəzərəçarpacaq irəliləyiş oldu. Məncə, hər şey daha da yaxşı alınacaq. Çünki komanda yaxşı futbol oynayır və qələbə qazana bilir. Biz arxadan topla çıxmağı sevən, yaxşı futbol oynayan komandayıq. Bu mənada, "Qəbələ" ön pillələrdə olmağa layiqdir.

- Səncə, "Qəbələ" Konfrans Liqasının təsnifat mərhələsində "Omoniya" səddini keçsəydi, indi işləriniz daha yaxşı gedərdi? Çünki, sanki Qəbələ və Nikosiyadakı məğlubiyyət sizin üçün güclü zərbə oldu.. 

- Təbii ki, “Omoniya” səddini keçsəydik, bu, komandanın psixologiyasına daha yaxşı təsir edərdi. Lakin biz artıq geriyə baxmırıq. Həmin matçlar geridə qaldı. Qarşıda bizi oyunlar gözləyir.

- "Qəbələ" növbəti turda "Səbail"lə qarşılaşacaq. Rəqibiniz turnir cədvəlinin üçüncü pilləsindədir. Onları məğlub edə biləcəksiz? 

- “Kəpəz” üzərində qələbədən sonra artıq “Səbail”lə oyuna hazırlaşırıq. Rəqibimiz yaxşı komandadır. Heyətində güclü futbolçular var. Premyer Liqaya da yaxşı start veriblər. “Səbail”ə qarşı matç ağır keçəcək. Çünki hər iki tərəf qələbə qazanmağı çox istəyəcək. “Səbail”lə matçda bərabərlik və məğlubiyyət haqda düşünmürük, qələbə qazanmaq istəyirik. 

- 2022/2023 mövsümündəki "Qəbələ" və 2023/2024 mövsümündəki "Qəbələ" arasında hansı fərqlər var? 

- Məncə, bizə sadəcə zaman lazımdır. Fikrimcə, hər şey daha yaxşı olacaq. Çünki komandamızın oyunu var və oyundan-oyuna da artırırıq. 

- “Qəbələ"nin avrokuboklara vəsiqə qazanmaq şanslarını necə hesab edirsən?

- Bu barədə nəsə deməyim erkən olardı. Amma biz avrokuboklar üçün mübarizə aparırıq. Çempionatın hələ 8 turu geridə qalıb, qarşıda matçlar çoxdur. Hər oyunda uğurlu nəticə qazanaraq istəyimizə çatmağa çalışacağıq.

- Üç həftə əvvəl Azərbaycan - İordaniya (2:1) görüşü baş tutmuşdu. Yəqin ki, Bakıda Azərbaycana qarşı oynamaq istəyərdin. İordaniya millisindəki dostlarınla matç haqda danışdın?
- Azərbaycan – İordaniya matçını televizor vasitəsilə izləyə bildim. Çünki Qəbələdə məşqlərimiz var idi. Ona görə millinin düşərgəsini də ziyarət edə bilmədim. Millidəki komanda yoldaşlarımla Azərbaycanla oyun haqda danışdıq. Ümidvaram ki, növbəti dəfə millinin düşərgəsində yer alacam.

Mirbağırağa

Xəbər xətti