"Neftçi"də problem əcnəbi futbolçularının yaşının çox olmasıdır" - MÜSAHİBƏ

10:44 - 3 Oktyabr 2023

Veteran futbol mütəxəssisi, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov futbolinfo.az saytına müsahibəsində Azərbaycan Premyer Liqasının 8-ci turunda keçirilən oyunları dəyərləndirib. Sportal.az həmin müsahibəni təqdim edir.

- Turun son oyunu ilə başlayaq. Lider “Zirə” “Araz-Naxçıvan”a minimal fərqlə (0:1) məğlub oldu. Bu nəticə gözlənilməz olmadı?

- “Zirə” bu oyunu yaxşı keçirmədi. Bakı komandası əvvəlki matçlarda müdafiədə ağıllı oyunla diqqət çəkirdi. Ancaq “Araz-Naxçıvan”ın qol vurduğu epizodda müdafiəçilər rəqibin hücumçusunu cərimə meydanında nəzarətsiz qoymuşdular. Açığı, “Zirə” özü də qol vəziyyətləri yarada bilmədi. Adətən belə oyunlar oktyabrda yox, dekabrda olur. Yəni güc tükənir, əvəzetmələrlə nəsə etməyə çalışırsan. Yəqin ki, məşqçi korpusu bunu təhlil edəcək. “Araz-Naxçıvan” isə məni təəccübləndirmir. İlk turdan necə oynayırlarsa, elə də davam edirlər, xallar qazanırlar. Nəzərə alaq ki, bu komanda ev oyunlarını hələ Naxçıvanda keçirmir. Orada oyun zamanı yaranan atmosferə yaxşı bələdəm.

- Sanki “Zirə” müdafiəçilərindən asılıdır. Razısınız ki, bu komandanın hücum xətti gücləndirilməlidir?

- Son matçda hücumları kəsərli olmurdu. Əvvəlki oyunlarda rəqiblərin səhvlərindən istifadə edib qol vururdular. “Zirə”nin hücum xətti gücləndirilməlidir. Bunu Rəşad Sadıqov da müsahibəsində təsdiqləyib. Məsələn, “Qarabağ”a keçən Hamidu Keyta qalsaydı, bəlkə də belə bir problem yaşamazdılar. Yüksək yerlər uğrunda mübarizə aparmaq üçün “Zirə”yə hücumçu lazımdır.

- “Qarabağ” “Sumqayıt”ın qapısından 5 cavabsız top keçirdi və rahat qələbə qazandı. Ağdam klubunun ideal formada olduğunu demək olar?

- “Qarabağ” avrokubok matçlarında artıq forma yığmışdı. Sadəcə, həftədə iki görüş olanda məşqçilər korpusu az oynayan futbolçulara çempionatda şans verirdi. Əvvəlki mövsümlərdə də belə edirdilər. Amma gördülər ki, bu dəfə alınmır. Mövsümün əvvəlində xallar itirildiyi üçün məşqçi korpusu avrokubok heyətini Premyer Liqada oynatmağa başladı. “Sumqayıt”ı çox rahat məğlub etdilər. Hətta əvəzetmədən meydana daxil olanlar da çox yaxşı çıxış etdilər.

- “Neftçi” son dəqiqələrdə vurduğu qol sayəsində “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub etdi. “Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu da matçdan sonra bildirdi ki, “Neftçi” və “Qarabağ” yaxşı formadadır. Bu fikirlə razısınız?

- “Qarabağ”ın formada olması məlum məsələdir. Mutu komandasının formada olduğunu deyə bilər. Növbəti turda uduzsalar, onda da deyəcək ki, formada deyilik, vaxt lazımdır. Qəbul edirəm ki, Tovuzda oynamaq ağırdır. “Neftçi” standart vəziyyətdən sonra fərqlənə bildi. Oyun epizodunda qol vəziyyətlərindən yararlanmaq lazımdır. Maraqlıdır ki, baş məşqçi qələbə və məğlubiyyətə fərqli reaksiya verir. Məncə, “Neftçi”də problem əcnəbi futbolçularının yaşının çox olmasıdır. Ancaq “Qarabağ” transfer zamanı 25-26 yaşlı oyunçulara üstünlük verir. Bu o deməkdir ki, “Qarabağ” növbəti illəri də düşünür. “Neftçi” Azərbaycan futbolunun tarixidir. Bu komanda ilə belə çıxış etmək olmaz. Cavan legioner gətirmək lazımdır ki, uzun müddət sənə xidmət etsin və get-gedə artırsın.

- Mövsümə çempionluq hədəfi ilə başlayan “Sabah” autsayderlər zonasında qərarlaşıb. Belə çıxır ki, bu komandanın ötən mövsüm ikinci yeri tutması təsadüf idi?

- Təsadüf 1-2 oyun ola bilər. “Sabah”ın nəticələrinə mən özüm də məəttəl qalmışam. Murad Musayev bura gəldiyi zaman istəkli idi. Açığı, sevinirdim ki, daha bir iddialı komanda formalaşır. Hətta bu mövsüm avrokuboklarda “Partizan”a fərdi səhvlərdən uduzdular. Çünki Serbiya klubu elə də güclü deyildi. Amma bu mövsüm ötən sezondakı oyunu göstərə bilmirlər. İlk növbədə ona görə ki, heyətdə çox dəyişiklik oldu. Yeni futbolçu gətirəndə də onun oyun stilinə uyğun olub-olmamasına baxmaq lazımdır. Məsələn, İspaniyadan gəlirsə, o demək deyil ki, güclüdür. Orada da o qədər zəif futbolçu var. Demirəm ki, 5-10 milyonluq transfer etməlisən. Onlar onsuz da bura gəlməzlər. Sadəcə, bir az gənc olsun və sisteminə uyğun gəlsin. O, getdikcə öz oyununu tapacaq. Uzağa getməyək, Kadi Borqes gələndə hamı deyirdi ki, ona vaxt lazımdır. Amma Kadi qısa müddətdə əla çıxış etdi və “Krasnodar” kimi komandaya keçdi.

- “Səbail” bu turda “Sabah”la 2:2 hesablı heç-heçə etdi. Sanki Şahin Diniyevin rəhbərliyi altında tam fərqli “Səbail” izləyirik…

- Şahin Diniyev göstərdi ki, məşqçinin 30 və ya 60 yaşının olmasının önəmi yoxdur. Təəssüf ki, bizdə 50-55 yaşdan sonra məşqçiləri siyahıdan silirlər. Məşqçilər arasında da rəqabət lazımdır. Şahin Diniyev Gəncə klubunu heç nədən avrokuboklara çıxarmış mütəxəssisdir. Azərbaycan millisində, ölkə xaricində işləyib. Biz belə məşqçiləri itirməməliyik. Onlara işləmək imkanı vermək lazımdır. Çünki çempionata əlavə rəng qatırlar.

- “Kəpəz” öz meydanında “Qəbələ”yə (0:1) məğlub olaraq, son pilləyə düşdü. Demək olar ki, komandalar get-gedə öz yerlərini tapırlar?

- Maraqlıdır ki, “Kəpəz” iddialılardan xal alıb, öz gücünə bərabər komandalara uduzub. Deməli, ya hazırlıq yaxşı olmayıb, ya da futbolçuların səviyyəsi aşağıdır. Yenə də “Kəpəz”i itirmək olmaz. İkinci böyük şəhərimiz futbolsuz qalmamalıdır. Mütləq sponsorlar da cəlb etmək lazımdır. Ümumiyyətlə, sponsorsuz klublarımızın işi həddən artıq ağır olar. Bu sözləri “Qəbələ”yə də şamil edirəm. Bu komanda indi-indi özünə gəlir, oyununu tapır.

- “Kəpəz” azarkeşləri baş məşqçi Azər Məmmədovu istefaya səsləyirlər. Sizcə, baş məşqçi dəyişikliyi əsas çıxış yoludur?

- Azər yaxşı işləyən məşqçidir. Əvvəlki fəaliyyətlərinə əsasən bunu deyə bilərəm. Ancaq “Kəpəz” bərabər gücdə olduğu rəqiblərə qarşı zəif çıxış edir. Əsas problemləri məhz budur.

Xəbər xətti