"Qarabağ"ın futbolçusu: "Daha çox çalışsaq, yeni mövsüm Çempionlar Liqasında nəticə verəcəyik" - MÜSAHİBƏ

12:18 - 4 May 2024

"Qarabağ"ın müdafiəçisi Abbas Hüseynov Sportal.az saytına müsahibə verib. 

- "Qarabağ" son turda "Sumqayıt"a məğlub oldu. Bu məğlubiyyət çoxları üçün gözlənilməz idi. Səncə, niyə uduzdunuz?

- Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Sumqayıt”ı təbrik edirəm. Amma məncə, oyunun son dəqiqələrində rəqibin qapısına penalti verilməliydi. 

- Komandanız artıq çempionluğu təmin edib. Oyunlara çıxarkən motivasiya sarıdan əziyyət çəkirsiz?

- Bizi elə motivasiya edirlər ki, matçlara qeyri-ciddi yanaşa bilmərik. Çünki bu bizim işimizdir. Qeyri-ciddi yanaşmaq olmaz. Oyunlara da uğurlu nəticə üçün çıxırıq.

- Bu gün “Qarabağ” “Neftçi” önünə çıxacaq. Bu qarşılaşmada rəqibinizi məğlub edə biləcəksiz?

- "Neftçi" elə komandadır ki, boşluq vermək olmaz. Çünki bu, komandaya baha başa gələ bilər. Həmişəki kimi çıxıb işimizi görüb tapşırıqları yerinə yetirəcəyik ki, qələbə qazanaq. 

- Maraqlıdır ki, “Qarabağ” son dəfə “Neftçi”yə elə çempionluğu uduzduğu oyunda məğlub olub, ondan sonra uduzmur...

- Biz hər oyuna uğurlu nəticə üçün çıxırıq. Hər halda, bu nəticə də sevindiricidir. Şükür Allaha, əsas odur ki, qalib gəlirik.

- Bu mövsümü “qızıl dubl”la başa vurmaq şansınız var. Ölkə kubokunun finalında “Zirə” ilə qarşılaşacaqsız. Səncə, kuboku da götürmək alınacaq?

- Bilirəm ki, final görüşünə motivasiyalı çıxacağıq, qələbə qazanmaq niyyətindəyik. Amma qalib gələcəyik ya, yox bunu bilmirəm. Çünki "Zirə" də yaxşı formadadır. Ona görə bu məsələ haqda bir söz deyə bilmirəm. Əsas odu ki, final görüşünə udmaq üçün çıxacağıq.

- Maraqlıdır, səni istəyən komandaların olduğu barədə məlumatlar var. "Qarabağ"da qalacaqsan?

- "Qarabağ” mənim ailəmdir. Bəli, etiraf edim ki, təkliflərim var. Lakin mən bu komandaya bağlıyam. Ona görə də, "Qarabağ"da qalaraq, bu komandanın uğurları üçün çalışmaq istəyirəm. 

- "Qarabağ" 2023/2024 mövsümündə avrokuboklarda uğurli çıxış etdi və yeni mövsüm üçün komandanızın Çempionlar Liqasında qrup mərhələsinə düşəcəyinə inananlar da az deyil. Bunu reallaşdıra biləcəksiz?

- Daha çox çalışsaq, deyilənləri yerinə yetirsək, Çempionlar Liqasında da nəticə verəcəyik. Hər şeyin ən yaxşısını Allah bilir. Sizə də təşəkkür edirəm ki, məni yaddan çıxarmırsız. Çünki futbolçu zədəli vaxtında ona qarşı düşüncələr fərqli olur. Təşəkkürümü Qurban Qurbanova da bildirmək istəyirəm. Onun tapşırıqı ilə məni əməliyyat üçün ən yaxşı yerə yolladılar, ən yaxşı həkimlərdən biri əməliyyatımı etdi. Zədədən sonra mənə verdiyi şanslara görə Qurban Qurbanova təşəkkür edirəm. O, baş məşqçidən əlavə genişürəkli əsl kişidir.

Mirbağırağa
 

Xəbər xətti