"Sabah"ın futbol akademiyasında aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışan Təbriz Həsənov U-19 komandasının çempion olması haqda Sportal.az saytına açıqlama verib. O, həmin komandanın çempionluğunu şərh edib:
"Komandamız U-17-lərin liqasında da çempionluq yaşamışdı. Əsasən 2006-cı il təvəllüdlü futbolçularımızın öncədən də çempionluğu var idi. Həmin uşaqları lap kiçik yaşlarından U-19-a qədər gətirdik. Təbii ki, 1-2 dəyişiklik və güclənmə olsa da, komandanın özəyini saxladıq. Yəni uzun müddətdir ki, futbolçular birlikdə oynayırlar. Keçən il də U-17 komandamız çempion olmuşdu. Bu dəfə isə U-19 komandamız çempion olaraq Gənclər Liqasına vəsiqə qazandı. Uzun müddətdir ki, "Qəbələ"nin U-19 komandası ölkəmizi Gənclər Liqasında təmsil edirdi. İlk dəfə isə "Sabah" bu hüquqa sahib çıxdı. Ümid edirik və istəyirik ki, komandamız avrokuboklarda çox yaxşı çıxış etsin, bacardıqca mərhələ adlayıb, irəli getsin. Yeni mövsümlə bağlı planlara gəldikdə, çempionat hələ davam edir. Komandamız çempion olsa da, liqa davam edir. Oyunlar oynaycaqlar, paralel də gələcəyin planları qurulur. Yəqin ki, çempionat başa çatdıqdan sonra baş məşqçi özü hazırlıq planını hazırlayacaq. Ola bilər ki, yeni uşaqlar da komandaya cəlb edilsin. Biz bu heyətə ümid edirik. Perspektivli oyunçularımız var ki, gələcəkdə "Sabah"ın əsas komandasında yer ala bilərlər".
Həsənov "Sabah" futbol akademiyasına yeni istedadlar cəlb etmək üçün bölgələrdə keçirdikləri seleksiyadan danışıb:
"Bəli, Tərtərdə iki gün olduq, seleksiyamız var idi və bu haqda öncədən məlumat verilmişdi. Ora Ağdam, Bərdə, Mingəçevir, Yevlax rayonlarından uşaqlar gəlmişdi. Hamı üçün qapılarımız açıq idi. Hətta Bakı və Zaqatalan da gələn uşaqlar oldu. İki günlük seleksiya etdik. Lap yaxşılarını seçdik. Həmin uşaqları da Bakıya dəvət edəcəyik. Yəqin ki, mövsümün sonunda vaxt təyin edəcəyik. Yaxşı, maraqlı uşaqlar var. Potensiallı uşaqları seçmişik ki, gələcəkdə onların üzərində çalışaq və akademiyamızda futbolçu kimi yetişsinlər. Bu bizim üçün yenilik deyil. Biz mütəmadi olaraq, rayonlarda seleksiya edirik. İşimiz davam edir. Yəqin ki, hansısa əyalətdə yenə də seleksiyalar olacaq. Qapılar hamı üçün açıqdır. Yaxşılar seçilərək, Bakıya dəvət ediləcək. Həmin uşaqları da akademiyamızda sınaqdan keçirəcəyik. Ən yaxşılar da akademiyamıza qoşulacaq"..
Mirbağırağa