"Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik".
Sportal.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 33-cü turunun "Zirə"ilə (1:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
- Ötən oyunda Brunao, bu gün isə Roderik Miller qırmızı vərəqə ilə cəzalandırıldı. Bununla bağlı tədbir görəcəksiz?
- Klubun öz kodeksi var. Tədbirlər görülür. Məğlubiyyət olar, amma qırmızı vərəqələr qəbuledilməzdir. Futbolçuları başa düşürəm, mübarizədir. Amma vərəqələr az olmalıdır.
- Yayda qapıçı transfer edəcəksiz?
- Son oyunlardır. Biununla bağlı indi açıqlama vermək mənə yaraşmaz. Futbol səhvlərin üzərində qurulub. Fərdi keyfiyyət dedikdə, bunları nəzərdə tuturam. Hər mövqedə güclənmək istəyirik. Keçənilki çempionatla bu mövsüm arasında fərqlər çoxdur. Bu mövsüm daha çətin oldu. 3-4 futbolçu transfer etməklə hazırıq desək, yalan olar. Futbolumuzda çatışmayan şey fikirdir. Biz fikirdə uduzuruq. Tələsmək olmaz. Keçən il də bizdən avrokuboklara vəsiqə istəyirlər. Biz də nələrsə etmək istəyirik. "Turan Tovuz" 30 il əvvəl avrokubokda oynayıb. Bölgəyə futbolçu gətirmək çətindir. Ötən illə müqayisədə inkişaf etmişik. İş görmək istəyirik. Əlbəttə ki, maneələr olacaq. Ruhdan düşməməliyik.
- Mövsüm bitdikdən sonra azarkeşlərlə görüş keçirməyi planlaşdırırsız?
- Bir şeyi qəbul etmək lazımdır ki, Tovuzda kütlə böyükdür. Biz onlarla mütəmadi danışırıq. Azarkeş fikirləri fərqlidir, hər kəsi razı sala bilmərik. Bəzən elə şeylər istəyirlər ki, reallıqdan kənara çıxırlar. Bəziləri hansı əziyyəti çəkdiyimizi bilmirlər.
- Sanki bəziləri sizin haqda istefa şüarını səsləndirmək üçün fürsət gözləyir. Siz bu məsələ haqda nə düşünürsünüz?
- Mənə bu sual çox verilib. Deyirdim ki, heç kim sakitləşməyib. Məğlubiyyət olanda üzə çıxacaqlar. "Turan Tovuz" mənə yad deyil, burada futbol oynamışam. Mənim yerimdə başqası olsa, yenə eyni problem yaranacaq. Bilmirəm, məndən niyə xoşları gəlmir. Keçən il deyirdilər ki, komada az qol vurur. Bu il qol vururuq, yenə narazıdırlar. Rəhbərliyə söz vermişəm. Bacarmasam, çıxıb gedəcəm. Buradan yapışıb qalmamışam. Digər komandalar qədər pul xərcləməmişik. Komanda baxımlı futbol oynayır. Ən çox qol vuran ikinci komandayıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi