Renat Dadaşovun komanda yoldaşı: "Quru çörək yeyib məşqə çıxırıq"

16:32 - 6 May 2024

Türkiyənin "Hatayspor" klubunun qapıçısı Erce Kardeşler Super Liqanın 35-ci turunun "Qaziantep"lə matçından sonra açıqlama verib.

Sportal.az xəbər verir ki, 30 yaşlı qolkiper ötən il baş vermiş dəhşətli zəlzələdən sonra komandanın sahibsiz qaldığını bildirib:

"Mövsüm başlayandan bəri tək qalmışıq. Stadionumuz, bazamız, pulumuz olmadı. Bir futbol komandası basketbol məşqi edərək oyunlara hazırlaşır. 5 aydır quru çörək yeyirik. Quru çörək yeyib məşqə çıxırıq. Sonra da duş almadan evə gedirik. Tək istəyim Super Liqada qalmaqdır. Meydana çıxırıqsa, keçmiş baş məşqçimiz Volkan Demirelin sayəsindədir. Mən pul üçün burada deyiləm, Hatay xalqı üçün buradayam. İnsanlar zəlzələni çox tez unutdular. İl yarımı boşa verdik. İnşallah insanlar "Hatayspor"a sahib çıxarlar".

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da "Hatayspor"da çıxış edir.

Qeyd edək ki, 2023-cü ilin 6 fevral tarixində baş vermiş zəlzələ nəticəsində "Hatayspor"un stadionu və bazası qəzalı vəziyyətə düşüb. Komanda ev oyunlarını Mersin şəhərində keçirir.

Xəbər xətti