"Qarabağ"ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov uşaq futbolunda çoxlu sayda istedadların olduğunu deyib. Misal olaraq, öz komandasında bir oyunçunu qeyd eləyib:
"Akademiyada bacarıqlı uşaqlar var. Söhbət təkcə çalışdırdığım U-17-dən getmir, ümumi akademiya adına deyirəm. 2 ildən sonra həmin uşaqların neçəsi burada olacaq, yaxud futbol oynayacaq, bax, bu suala cavab verə bilmirəm. O dərəcədə istedadlı uşaqlar var ki, heç bizdə elə istedad olmayıb. Komandamda bir uşaq var, hamı ona Zaur Tağızadə deyir. İnanılmaz sürətə malikdir, o dərəcədə sürətlidir ki. Təvəllüdü 2008-dir, 2 ildən sonra əsgərlik yaşı çatacaq. Hə, onda nə edəcəyik? Hərbi xidmətə gedib-gəlməklə ilyarım itirəcək və qayıdandan sonra hansı formada olacaq, Allah bilir. Bu sürətə sahib futbolçular dünyaya 10, bəlkə də 20 ildənbir gəlir. Biz məşqçilər bir tərəfə, futbolçu yoldaşları deyir ki, normal adamda belə sürət ola bilməz. Akademiyanın bütün yaş qruplarından ibarət komandalarının futbolçuları qaçış normativi verdi, bu uşaq ən yaxşı göstəriciyə sahib oldu. Nə qohumumdur, nə tanışım. Ötən il başqa klubdaydı, bi il baxışa gəlmişdi, bəyənib “Qarabağ”a götürdük. Halbuki, əvvəlki komandasında lazımi qədər şans qazanmırdı, 5-10 dəqiqə oynayırdı" (sportinfo.az).
Futbolçunun kimliyini öyrənmək üçün "Qarabağ" Futbol Akademiyasının rəhbəri Nail Kərimova müraciət etdik. Sportal.az saytına danışan Nail bəy həmin futbolçunun Əhməd Vəliyev olduğunu dedi:
"Bu il gəlib "Qarabağ"a. Onu seçimlərdə bəyənib komandaya götürmüşük. İnanılmaz sürəti var, amma hələ ki istedadının keyfiyyətə çevrilməsi üzərində iş görülməlidir. Rəşad Sadiqovun komandasında onunla yanaşı 6-7 çox istedadlı uşaq var. Elələri var ki, milliyə cəlb olunur. Elələri də var ki, milliyə cəlb olunmur, amma gələcəkdə yaxşı futbolçu ola bilərlər. Əhməd də onlardan biridir".
saytlarin hazirlanmasi