Rusiya mətbuatı "Qarabağ"ın Avropa Liqasının əsas mərhələsinin 3-cü turunda Niderlandın "Ayaks" klubuna qarşı Bakıda uduzduğu (0:3) oyundan yazıb.
Sportal.az xəbər verir ki, "СПОРТ-ЭКСПРЕСС" Ağdam təmsilçisinin məğlubiyyətini bu cür şərh edib:
"Ayaks" avrokuboklar matçı üçün Bakıya yollanmış ən titullu klub oldu. Bəli, "Bayer"(Leverkuzen) yazda burada olmuşdu, amma Xabi Alonsonun komandası ona qədər titulu qazanmamışdı. Qurban Qurbanov nəticədən asılı olmayaraq Amsterdam komandasının gəlişini Azərbaycan futbolu üçün hadisə adlandırıb. Amma təbii ki, "Qarabağ" nəticəyə nail olmaq istəyirdi. Bir dəfə top Pasverin qapısından keçdi, amma VAR qolu ləğv etdi. Qonaqların əks-hücumları ona gətirib çıxardı ki, yöndəmsiz oynayan Julio Romao qapı istiqamətinə qaçan Qodtsu yıxdı və "Qarabağ" artıq 15-ci dəqiqədə azlıqda qaldı. Bu, oyunun xarakterini kökündən dəyişdi. Artıq üç məğlubiyyəti olan “Qarabağ” fasilədən sonra yüksəlməyə çalışsa da, üç dəqiqə ərzində meydan sahibləri iki qolla "qırılmışdı". Üstəlik, Elvin Cəfərquliyev ikinci sarı vərəqə alaraq vaxtından əvvəl paltardəyişmə otağına yollandı".