Qurban Qurbanovun narahatlığı - tempi çox aşağı olan Premyer Liqamız

23:29 - 27 Oktyabr 2024

"Qarabağ" Azərbaycan Premyer Liqasını təmsil etsə də, ondan olan gözləntilər bizim çempionatın çox-çox üstündədir. Uzun illərdir avrokuboklarda qrup mərhələsində yer alan, son illər bizə pley-off həyəcanı da yaşadan "Qarabağ" hətta özündən güclü rəqiblərə uduzanda da qınanır camaat tərəfindən. 

Amma qəbul eləsək də, eləməsək də, "Qarabağ"ın Avropanın daha güclü liqalarının nümayəndələri ilə görüşlərdə çətinlik çəkdiyi məqamlar var. Bunlardan biri, bəlkə də ən əsası "Qarabağ"ın çıxış etdiyi, bizim Premyer Liqadır. 

Qurban Qurbanov bu gün "Şamaxı" ilə keçirilən matçdan sonra çempionat oyunlarında tempin çox aşağı olduğunu deyib. Dünya futbolunda intensivliyin pik həddə çatdığı dönəmdə bizim Premyer Liqanın matçları astagəl tərzdə keçir. Tək-tük görüş olar ki, sürətli oyun izləyək. 

Bu, ən çox da "Qarabağ" üçün problemdir. Premyer Liqada "tək ayaqla" oynamağa alışıq olan futbolçular avrokubok matçlarında tempə ayaq verməyə çətinlik çəkirlər. Çünki ilboyu belə sürətlərdə oynamağa öyrəncəli deyillər. Qurban Qurbanov da narahatdır. Təcrübəli mütəxəssis bunu söyləməklə Premyer Liqanın səviyyəsinin qalxmalı olduğunu açıq şəkildə dilə gətirib.

Həmid

Xəbər xətti