"Birbaşa Bakı"nın baş məşqçisi Dan Mariuş Mitu Sportal.az saytına müsahibə verib.
- Minifutbol liqasının əsas derbisi sayılan “Zirə” ilə görüşdən qalib ayrıldınız. Görüş sizin üçün necə alındı?
- Matçdan öncə komandaya demişdim ki, çempionatda oyun pley-off deyil, vacib olan üç xaldır. Yəni, çempionatda hansı komandanı udmağın fərqi yoxdur. Oyuna yanaşmamızda fərq yox idi. Ola bilər ki, komanda bir az əsəbi idi, bu da çox güclü rəqiblə qarşılaşmağımız oldu. “Zirə”yə böyük hörmətlə yanaşırıq. Məhz buna görə ola bilər ki, hər zaman tələb etdiyimiz və istədiyimiz oyunu sərgiləyə bilmədik. Pis oynadığımızı deməyim doğru çıxmaz. Sadəcə istədiyimiz kimi oynamadıq. Buna baxmayaraq, biz hesabda 3:0 öndə idik. Bu özü də böyük önəm kəsb edir. Son dəqiqələrdə iki asan qol buraxdıq. Bizim səviyyəmizdə olan komandada belə hallar olmamalıdır. Ancaq pley-off mərhələsində belə səhvlərə yol verməkdənsə, indi etmək daha yaxşıdır. Komandamı mübarizəyə, qələbə münasibətilə təbrik edirəm. Hər halda, “Zirə” ilə oyunu analiz edəcəyik. İşləməli olduğumuz məqamlar var. Məşqə qədər sevinəcək, amma məşqdə isə heç kim sevincli olmayacaq.
- Ötən mövsümkü “Birbaşa”- “Zirə” oyunları ilə bu mövsümkünü müqayisə etsək, sanki “Birbaşa” daha da güclənib, “Zirə” isə zəifləyib. Razısınız?
- Xeyr, razı deyilim. Çempionatın iki güclü komandası oynayırdı. Əksinə, deyərdim ki, “Zirə” bu matçda bəzi detalları da etdi. Bəlkə də, onların sadəcə bəxti gətirmədi.
- Böyük futbolumuzda hegemonluq “Qarabağ”dadır, minifutbolda isə “Birbaşa”da. Bu hegemonluq “Qarabağ”dakı kimi uzun illər gedəcək, yoxsa necə?
- Bura çempionluqlar yaşamağa, "Birbaşa" ilə Çempionlar Liqasını qazanmağa gəlmişəm. Təbii ki, ardıcıl uzun illər qalib gəlmək mümkün olacaqsa, bunu edəcəyik. Rəqiblərimiz bunu etməyimizə imkan verməməyə çalışacaq. Əsas məqsədlərdən biri Çempionlar Liqasını qazanmaq idi. Bunu da etdik. Həmin titulu qorumağa gedəcəyik. Dayanmaq fikrimiz yoxdur.
- Qarşıdan minifutbol üzrə dünya çempionatı gəlir. Yığma komandamızın potensialını necə dəyərləndirirsiz?
- Azərbaycan millisi dünya çempionatına böyük inamla yanaşmalıdır. Çünki millinizdə çox yaxşı futbolçular var. Amma təəssüf ki, onların sayı çox deyil. Allah eləməsin, əsas oyunçulardan kimsə zədələnərsə, onu kimləsə əvəzləmək çox çətin olacaq. Çünki dünya çempionatında maksimum 20 oyunçu oynayır. Əgər hər şey qaydasında olarsa, zədəli olmasa, fiziki sarıdan da hamı hazır olarsa, Azərbaycan millisinin turniri qazanmaq üçün yaxşı şansı var.
- Azərbaycan millisinə kömək olmaq üçün məşqçilər korpusunda yer almağınız mümkündür?
- Bu haqda danışmaq doğru olmazdı. Azərbaycan millisinin indiyə qədər çox yaxşı nəticələri var. Bu suala cavab vermək mən tərəfdən yaxşı alınmaz. Bu ümumiyyətlə mümkün deyil. Hər məşqçinin öz oyun fəlsəfəsi, yanaşması var. Azərbaycan millisinə böyük uğurlar arzulayıram. Millinin əsas azarkeşlərindən olacam. Kömək məsələsinə gəlincə, biz onsuzda milliyə kömək edirik. Oyunçuları hazırlayırıq, komandamızdan milliyə oyunçular dəvət edilir.
- Rumıniya millisi minifutbolun favorit komandalarındandır. Siz Azərbaycanda çalışırsız. Rumıniya millisinin məşqçilər korpusu sizdən Azərbaycan millisinin son durumu, dəyişiklikləri haqda nəsə soruşa bilər?
- Bəli, ola bilər. Amma onlara nəsə deməyim, məlumat verməyim axı mənim işim deyil. Rumıniya millisinin öz məşqçiləri, oyunçuları var ki, bu məlumatları toplasınlar. Axı, oyunlar yutubda da canlı yayımlanır, baxa bilərlər. Şəxsən mən isə istəsəm belə, onlara hansısa məlumatı verə bilmərəm. Hamı Azərbaycan millisini əla tanıyır, güclü komanda olduğunu bilirlər. Özü də, gələn il dünya çempionatı da keçiriləcək.
Mirbağırağa
saytlarin hazirlanmasi