"Sabah"ın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov AFFA-nın Hesabat Konfransında jurnalitlərin suallarını cavablandırıb.
Sportal.az klub rəhbərinin fikirlərini diqqətinizə çatdırır:
- "Neftçi"nin futbolçusu Elvin Camalovun "Sabah"ın oyunçusu ilə əlaqə saxlayıb onu komandaya dəvət etməsi ilə bağlı bəyanat yaydınız. Bununla bağlı "Neftçi"nin mövqeyi necədir?
- Bu məsələ ilə bağlı "Neftçi" rəhbərliyi ilə daim əlaqədəyik. Hər şey rəsmi açıqlamamızda aydın yazılıb.
- Elvin Camalovun hərəkətini necə qiymətləndirirsiniz?
- Rəsmi açıqlama vermişik. Orada hər şey yazılıb. Bizim fikirlərimizi və yanaşmamızı görə bilərsiniz. Mən sizdən soruşuram, sizcə, bu, etik normalara uyğundur?
- Belə iddialar var ki, ötən mövsüm eyni şeyi "Sabah" "Neftçi"yə qarşı edib. Eddi İsrafilovla bağlı...
- Birincisi Eddi İsrafilovun "Neftçi" ilə müqaviləsi bitirdi. Futbolçunun müqaviləsinin müddəti 6 aydan az qalıbsa, klub onunla danışıq apara bilər. Eddini bizə onun agenti təklif etmişdi. Biz birbaşa futbolçu ilə əlaqə saxlamışıq. Önəmlisi odur ki, bizim Eddi İsrafilovla danışıqlarımız yanvar ayından gedirdi. "Neftçi" ilə ötən mövsümün sonunda oyunumuz olanda Eddiyə demişdik ki, bütün danışıqları dayandırırıq, vacib matçdan sonra davam edərik.
- "Transfermarkt" portalında futbolçunuz Cesse Sekidikanın müqaviləsinin mövsümün sonunda başa çatdığı qeyd olunub...
- Ora rəsmi deyil. Yanvar ayında Cessenin artıq 3 illik müqaviləsi var idi. Bizim "Neftçi" klubu ilə çox gözəl münasibətimiz var. Həmişə belə olub. Bəzi oyunçularla bağlı bir-birimizdən məlumat öyrənmişik. Bütün klublarla münasibətdə etik normalardan kənara çıxmamağa çalışırıq.
- Sizcə, Elvin Camalov eyni davranışı "Sabah"la yox, başqa komanda ilə oyundan öncə etsəydi, reaksiyanız eyni olacaqdı?
- Elvin "Sabah"ın kapitanı olub, 4 il ərzində "Sabah"a görə bunu etməyib, edə bilməzdi. Çünki biz heç vaxt buna dəstək verməyəcəkdik. Klubların arasında etik normalar var. Biz birbaşa klublarla danışırıq. Heç kim deyə bilməz ki, "Sabah" AFFA-nın, UEFA-nın reqlamentini pozub, gedib hansısa futbolçu ilə əlaqə qurub.
- Baş məşqçi Vasili Berezutski ilə bağlı planlarınız nədir?
- Uğursuzluqlar var. Amma bu, heç nə demək deyil. Onunla müqaviləmiz var, işimizə davam edirik.
- Mövsümün sonunda nəticəyə görə qərar verəcəksiz?
- Bəli, oturub danışacağıq.
- Belə məlumat var ki, baş məşqçidən narazısız...
- Xeyr, elə bir şey yoxdur. Biz nəticədən narazıyıq, baş məşqçidən razıyıq.
- "Sabah" rəhbərliyi tənqidləri necə qarşılayır?
- Hansı tənqidlər?
- Tez-tez baş məşqçi dəyişirsiz, amma nəticə yoxdur...
- Bəli, tez-tez dəyişirik. Uğurun formulası yoxdur. Biz də uğurlu olmaq, inkişaf etmək istəyirik. Özümüz üçün o yolu axtarırıq. Bunun üçün nəyisə dəyişmək lazımdırsa, edəcəyik.
- "Sabah" rəhbərliyinin hakimlərə təzyiq göstərdiyi ilə bağlı xəbərlər yayılıb. Bunlar nə dərəcədə realdır?
- Mənim Əliyar Ağayevə böyük hörmətim var. Artıq 7 ildir futboldayam. Mənim onunla bir dəfə də olsun söhbətim, dialoqum olmayıb. "Neftçi" ilə matçdan sonra mən aşağı düşməmişəm. Nə Əliyar Ağayevi, nə də başqalarını görməmişəm.
- "Neftçi" ilə kubok matçında penalti gözlədiyiniz epizodla bağlı De Blekerə şikayət etmisiz?
- Bəli. Amma sırf Əliyar Ağayevdən şikayət etməmişik. Mənim sualım daha çox VAR hakiminədir. Əliyar Ağayev meydançadadır, görməyə bilər. Futbola baxan adam "CBC Sport"un təkrarından epizodu görə bilir, amma VAR görə bilmir. Amma oyun bitib. Biz müraciətimizi AFFA-ya etmişik.
- Legioner limitinin ləğv edilməsinin "Sabah"ın istəyir ilə həyata keçirildiyi bildirilir. Sizin buna münasibətiniz necədir?
- Azərbaycanda 2-3 akademiya var. Ölkə səviyyəsində normal akademiyalardan biri "Sabah"ındır. Akademiyanın nəticələrinə baxın. Bu, onu göstərir ki, 7 il əvvəl başladığımız işlərin bəhrəsini görürük. 2-3 ildən sonra bu futbolçular əsas komandaya qalxacaq. Bu prizmadan baxsaq, limitin ləğv edilməsi bizim əleyhimizədir. Futbol klubunun prezidenti olmaqla yanaşı AFFA-nın İcraiyyə Komitəsində də təmsil olunuram. Subyektiv fikrimdir ki, limitin ləğv olunması Azərbaycan futbolu üçün daha yaxşıdır. Klub prezidenti kimi limitin qalması mənim üçün yaxşı olar. Çünki 2-3 ildən sonra akademiyamızın futbolçuları əsas komandada çıxış edə bilər. İndi də gənc futbolçularla heç bir problemimiz yoxdur. Bizim oyunçularımız başqa klublarda icarədədir. Heç kim deyə bilməz ki, biz bunu "Sabah" üçün etmişik. Qərarlar mənim fikirlərimlə verilmir. İcraiyyə Komitəsində mütəxəssislər var.
- AFFA-nın 1 il ərzindəki fəaliyyətinə necə qiymət verərdiz?
- Futbolun inkişafı üçün bəzi düzgün qərarlar verilib. A millinin nəticələri heç kimi sevindirə bilməz. Bu istiqamətdə nədə etmək lazımdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi