Böyük Britaniyada bir neçə Premyer Liqa klubunun vergi fırıldaqlarında şübhəli bilinməsi ilə bağlı istintaq aparılır.
Sportal.az xəbər verir ki, "The Times" nəşrinin məlumatına görə, Böyük Britaniyanın Vergi və Gömrük İdarəsi (HMRC) 33 idman klubuna qarşı vergi pozuntuları ilə bağlı araşdırma aparır. Şübhəli klublar arasında "Çelsi", "Fulhem", "Nottingem Forest" və "Brentford" da var.
İddialara görə, bu klublar elmi və texnoloji tədqiqatlar üçün nəzərdə tutulan hökumət qrantlarına uyğunsuz şəkildə müraciət ediblər, yəni vergi güzəştlərindən sui-istifadə ediblər. Bu qrantlar yalnız elmi və texnoloji sahədə irəliləyiş əldə edən və ya bu istiqamətdə çalışan təşkilatlara ayrılırdı.
HMRC-nin məlumatına görə, 2019-cu ildən bəri bu sxem vasitəsilə klublar ümumilikdə 17,4 milyon funt sterlinq mənimsəyib.
Məsələn:
"Çelsi" 2020–2024-cü illər arasında bu proqram çərçivəsində təxminən 3 milyon funt əldə edib.
"Nottingem Forest" 2021/22 mövsümündə 607 min funt alıb.
"Fulhem" isə 2019–2024-cü illərdə 758 min funt alıb.
Bəzi klubların bu vəsaitləri əldə etmək üçün xarici məsləhətçi şirkətlərdən, o cümlədən ZLX adlı vergi güzəştləri üzrə ixtisaslaşmış konsaltinq firmasından istifadə etdiyi bildirilir. Məsələn, Şotlandiyanın "Dandi Yunayted" klubu bu firmanın köməyi ilə müraciət edib.
İndi HMRC bu halları təhlil edir və klublara qarşı maliyyə sanksiyaları və ya hüquqi tədbirlər istisna edilmir.
saytlarin hazirlanmasi