"Klub rəhbərliyi legioner futbolçuların transferinə qarşıdır" - MÜSAHİBƏ

14:46 - 27 May 2025

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli Sportal.az saytına müsahibə verib.

- Mövsüm artıq başa çatdı və "Şəfa" mövsümü 2-ci pillədə başa vurdu. Komandaya mövsümün gedişində dəvət edilmişdiniz. Baş məşqçi təyin olunduqdan sonrakı dövrünüzü necə dəyərləndirirsiz?

- Düşünürəm ki, işimiz uğurlu alındı. Komandanı 13 oyuna çıxardıq, 12 qələbə qazandıq və bir dəfə heç-heçə oynadıq. 63 qol vurub, 3 qol buraxmışıq. Bunları nəzərə alsaq, işimizin uğurlu alındığını söyləmək mümkündür. 

- "Şəfa" qışda bir çox transferlər həyata keçirdi və Premyer Liqa təcrübəsi olan oyunçular da komandaya cəlb edildi. Səncə, çempion olmağınıza nə mane oldu? 13 matçdan 12-də qalib gəldiniz, 1 heç-heçə oynadız. "Şahdağ Qusar"la görüşdə qələbəyə nə çatmadı?

Komandanı gücləndirməkdə məqsəd öncəki reqlamentə uyğun olaraq, pley-off qarşılaşmasına hazır olmaq idi. Çempionluğa inamımız olsa da, birincö dövrədən sonra rəqibin 5 xal öndə olması işimizi daha da çətinləşdirdi. "Şahdağ Qusar"la matça gəlincə, rəqib çempionatın naməğlub lideri idi. Onlara heç-heçə də sərf edirdi deyə, daha çox müdafiədə oynamağa üstünlük verdilər. Nəzərə alsaq ki, final görüşündə lider olan rəqib sənə qarşı müdafiə olunur, demək ki, işin daha da çətinləşir. Onların müdafiəsini yarmaqda çətinlik çəkdik.

- Ümumiyyətlə, bəlkə də uzun illərdən sonra idi ki, aşağı liqa matçına bu qədər maraq var idi, oyun ətrafında ajiotaj yüksək idi. Bu haqda fikrin necədir? Hər halda, bu iki komanda liqaya olan marağı, diqqəti yüksəltdi...

- Azarkeşlərin sayəsində stadionda əsl futbol ab-havası yaşanırdı. Hər bir məşqçinin arzusudur ki, belə oyunlarda komandasının başında olsun. Arzu edirəm ki, bütün oyunlar bu cür ab-havada keçər.

- Maraqlıdır, "Şəfa"nın yeni heyətində legioner futbolçular görəcəyik?

- Bu gün üçün klub rəhbərliyi legioner futbolçuların transferinə qarşıdır. Məqsəd yerli futbolçulara şans verərək, onların potensialını üzə çıxarmaq və onlara inanmağımızı göstərməkdir. Bu yolda da davam edirik.

- Yeni mövsüm üçün öz postunuzda qalacaqsız?

Mənim vəzifəm "Şəfa"nı Birinci Liqaya çıxarmaq və oyunlarda dominant futbol sərgiləmək idi. Bunun öhdəsindən gəldiyimiz üçün müqavilə müddətim artırıldı. İndi işimizə fokuslanmışıq.

- Birinci Liqada əsas məqsəd ilk ildəcə Premyer Liqaya vəsiqə qazanmaq olacaq?

- Bəli, Birinci Liqada məqsəd çempionluqdur. Ən pis halda isə pley-off oynayaraq Premyer Liqaya vəsiqə qazanmaq istəyirik.

Xəbər xətti