"Kəpəz"in İdarə Heyətinin yeni sədrinin kimliyi müəyyənləşib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, bu vəzifəyə Adil Vəliyev seçilib.
O, burada Namiq Qədirovu əvəzləyib. İsveçrədə yaşayan iş adamı may ayında Gəncə təmsilçisinin başına keçmişdi. Di gəl, daxili qarşıdurma üzündən onun fəaliyyəti uzun çəkmədi. Bir neçə gün əvvəl postu ilə vidalaşmalı oldu və kluba maliyyə dəstəyini dayandırdı.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə rəhbərlik etmiş Adil Məmməd oğlu Vəliyev 1980-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını "Neft və qaz emalı" üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, daha sonra İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin "Master of Business Administration" (MBA) proqramını ("Neft-qaz biznesinin idarə olunması") müvəffəqiyyətlə başa vurub.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyib, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb. 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəni bu postda əvəzləyib və 2023-cü ilin sonunacan bu vəzifədə qalıb. O, hazırda müxtəlif ölkələrdə biznesi olan iş adamı kimi təqdim edilir. "Kəpəz"i himayəsinə götürmüş şirkəti isə Dubayda mənzillənib.
saytlarin hazirlanmasi