Bu gün Misli Premyer Liqasında 1-ci turun daha bir görüşü keçirilib. "Sumqayıt" "Kəpəz"lə qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıblar.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:
- Əslində mən də hər bir oyunda hücumameyilli futbol oynamaq istərdim. Amma reallıq ondan ibarətdir ki, bu alınan bir şey deyil. Çünki Azərbaycan Premyer Liqasında "Qarabağ", "Neftçi" və bir sıra güclü komandalar oynayır. Hər bir komandaya ayrı hazırlaşacağıq. İkinci hissədə oyun cəhətdən bir sıra problemlərimiz oldu. Çalışacağıq ki, bunu növbəti oyunlarda aradan qaldıraq.
- İkinci hissədə hesabı artıra bilmədiniz. Bu hesabdan irəli gələn rahatlıq idimi? Yoxsa fiziki problemlə bağlı idi?
- Fiziki problemlə bağlı olduğuna inanmıram. Çünki 2-ci hissədə biz bir neçə əvəzetmələr etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk eləmir. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Ona görə də biz bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər.
- Növbəti tur "Qarabağ"la oynayacaqsınız. Bildiyiniz kimi də "Qarabağ" Çempionlar Liqasında Macarıstan səfərindən qayıdacaq. Bunu "Sumqayıt" üçün üstünlük saymaq olarmı?
- "Qarabağ"ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. "Ferentsvaroş"la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq, ya dezavantaj. Bu matçda biz bu gün etdiyimiz kimi səhvlər etsək, bu bizim üçün yaxşı qurtarmayacaq.
- Oyunda Ayxan Süleymanovun 2 epizodda komanda hücuma keçərkən geriyə oynadı və bundan sonra onu əvəz etdiniz...Burda olduğunuz müddətdə azərbaycanlı futbolçuların mentalitetini dəyişə bildinizmi?
- Ayxanı oyunçu kimi bəyənirəm. İlk hissəni yaxşı oynasa da, ikinci hissədə bəzi səhvlər etdi. Mənim onunla söhbətim də oldu. Təbii ki gələcəkdə inkişaf emək istəyirsə, bu səhvləri etməməlidir.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi