Ülviyyə Musayeva dünya çempionu olmaqla tarixə düşdü

09:46 - 26 Sentyabr 2025

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 dünya çempionatı keçirilib.

Sportal.az xəbər verir ki, 26 ölkədən 170 idmançının qatıldığı mötəbər yarışda Azərbaycanı baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 10 güləşçi təmsil edib. İdmançılarımızdan Ülviyyə Musayeva (55 kq) yarımfinalda Polşa, finalda isə Yaponiya güləşçisinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla da o, çimərlik güləşində qızlar arasında ilk dünya çempionumuz kimi adını tarixə yazdırıb. Nihad Süleymanlı (80 kq) da eyni uğura imza atıb.

Yarımfinalda İran, finalda Gürcüstan təmsilçisinə qalib gələn həmyerlimiz qızıl medalı boynundan asıb. Elgün Kərimli (90 kq) üçüncü yer uğrunda görüşdə moldovalı həmkarı üzərində 5:0 hesablı qələbə qazanaraq dünya üçüncüsü olub. Rəşad Əliyev (70 kq) isə bürünc medal duelində Gürcüstan güləşçisinə məğlub olaraq 4-cü yerlə kifayətlənib. Beləliklə, oğlanlardan ibarət komanda 62 xal toplayaraq dünya üçüncüsü olub. Cəmi 2 qızdan ibarət heyət isə 25 xalla Moldova və Puerto-Riko ilə 4-6-cı yerləri bölüşüb. DÇ-də ədaləti I-S dərəcəli hakim Sədi Quliyev qoruyub.

Xəbər xətti