Elçin Usub: "Azərbaycandakı futbol yarışlarında qəribə hadisələr olur" - MÜSAHİBƏ

20:24 - 30 Dekabr 2025

Sportal.az “Şamaxı"nın İdarə Heyətinin və AFFA Klublar Komitəsinin sədri Elçin Usubun Sportnet.az-a müsahibəsini diqqətinizə çatdırır:

"Ev oyunlarımızda müntəzəm bilet satışını təşkil edə bilmirik"

- "Şamaxı"nın 2025-ci ildəki çıxışını sabit adlandırmaq olarmı?

- 2025-ci ili “Şamaxı” üçün uğurlu adlandırmaq olar. 2024/2025 mövsümünün ilk yarısı məlum yaşanan hadisələrə görə tam da istədiyimiz kimi olmadı, amma mövsümün ikinci hissəsində, yəni, bu ilin birinci yarısında yaxşı nəticələr qazandıq və Premyer Liqanı 36 xalla 7-ci pillədə başa vurduq. Bu göstəricini uğurlu adlandırmaq olar. 2025/2026 mövsümündə də qış fasiləsinə 20 xalla yollandıq, bəzi oyunlar oldu ki, qələbəni son dəqiqələrdə əldən verdik. Biz də çalışırıq ki, “Şamaxı” ildən-ilə stabil komanda olsun. 

- Klubun büdcəsində artımın olması üçün hansı addımlar atırsınız və bu istiqamətdə yeniliklər varmı?

- Demək olar ki, hər gün danışıqlarımız olur, daim sponsor axtarışındayıq. Klub 2022/2023-cü il mövsümündən başlayaraq əsas komandasını Şamaxıda məskunlaşdırıb. Bu məqam ciddi futbol ənənələrinə malik olmayan Şamaxıda futbol ekosisteminin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Şamaxıya böyük futbolun gəlişi ölkə rəhbərliyinin tövsiyələrinin gerçəkləşdirilməsi ilə bağlıdır. Lakin qeyd etdiyim kimi, futbol ənənələri olmayan bir regionda peşəkar futbolun inkişaf etdirilməsinin bəlli problemləri var. Şamaxıdan kifayət qədər ciddi və imkanlı iş adamları çıxıb. Onların dəstəyini demək olar ki, görmürük. Klubun bəlli fanat bazası var, onlar da sağ olsun, klubu həmçinin səfər oyunlarında tək buraxmırlar. Lakin biz 4-cü mövsümdür ki, 2400 yerlik tamaşaçı tutumu olan stadionda ev oyunlarında müntəzəm bilet satışını təşkil edə bilmirik, yəni dediyim o ekosistem hələ formalaşmayıb ki, azarkeşlər 2-3 manatından keçib, bu yolla klubun yanında olmalarını göstərsinlər. 1 ilə yaxındır ki, ölkənin tanınmış idman marketinq agentliyi olan “İQ Sports”la əməkdaşlığa başlamışıq. Müəyyən kiçik sponsorluqlar artıq mövcuddur, inanırıq ki, yeni sponsorların cəlb edilməsi ilə bağlı olan çalışmalarımız daha uğurlu olacaq.

"Ayxan Abbasovun millidə işləməyi seçdiyini mediadan oxumuşuq"  

- Legioner limitinin ləğvindən sonra yerli futbolçuları daha çox oynadan klublardansınız. Bu baxımdan AFFA-dan əlavə dəstək gözləyirsiniz?

- Legioner limiti olduğu zaman da yerli futbolçulara ən çox şans verən klublardan biri “Şamaxı” idi. Hətta Premyer Liqada ilk mövsümündə heyətimiz yalnız yerli futbolçulardan qurulmuşdu. Əsas məqsədimiz də Azərbaycan futboluna yerli futbolçular qazandırmaqdır. Ötən mövsüm Rauf Rüstəmli əsas milli komandaya qədər yüksəldi. Bu mövsüm Rüfət Abbasov əsas milliyə dəvət aldı, 4 gənc futbolçu Premyer Liqada debüt etdi. Təbii ki, əlavə dəstəyin olmasını istərdik. Bu mövsüm yerli futbolçuların meydançada olmasına görə klublara ödəniş edilməsi ilə bağlı bəlli bir qayda qüvvədədir. Zaman bu ödənişlərin yerli futbolçuların inkişafına çalışan klublar üçün nə dərəcədə ciddi dəstək olacağını göstərəcək.

- Baş məşqçiniz Ayxan Abbasovun həm klubda, həm də əsas millidə çalışması kluba hansı formada təsir göstərir?

- Bu il 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi təyin olunanda Ayxan müəllimə ən çox dəstək verənlərdən biri də klub rəhbərliyi olub. O, öz işinə daim məsuliyyətlə yanaşıb. Əsas milliyə təyinatı da bizi sevindirdi. Milli komandanın toplanışı il ərzində 6-7 dəfə olur, həmin vaxt Ayxan müəllim komandadakı köməkçilərinə öz tapşırıqlarını verir, eyni zamanda, məşqlərin görüntülərini izləyir. Buna görə də millidə çalışmasının "Şamaxı"ya mənfi təsir etdiyini demək olmaz.

- Ayxan Abbasovun mövsümün sonunda "Şamaxı"nı tərk edəcəyinə və millidə işləməyi seçdiyinə dair xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

- Ayxan Abbasovun maya qədər bizlə müqaviləsi var və o, müqaviləsinin sonunadək komandamızdadır. Dediyiniz xəbərlərlə biz də media vasitəsilə tanış olmuşuq. Lakin bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını indi deyə bilmərəm. Bildiyim odur ki, bu prosesin iştirakçıları olan 3 subyekt: AFFA, "Şamaxı" klubu və Ayxan Abbasov bəlli peşəkar standartları bilir və onlara hörmətlə yanaşır.

"Klublar Komitəsinin iclaslarında I Liqa klubları da iştirak etməlidir" 

- Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda Klublar Komitəsinin (KK - red.) iclası keçirilib. İclasda media üçün maraqlı ola biləcək hansı məsələlər müzakirə olunub?

- Haqlısınız, 11 dekabrda KK-nın növbəti iclası keçirilib. İclasda ənənəvi mövzu olan hakimliklə bağlı məsələlərdən başqa, legionerlərin qeydiyyatı üçün bu mövsümdən tətbiq edilən rüsumlar, əvəzedicilərin yarışlarının təşkili, futbola dəstək proqramının perspektivləri ilə bağlı müəyyən məsələlər müzakirə edilib.

- KK sədri kimi fəaliyyətiniz dövrünü necə dəyərləndirirsiniz?

- Məlumat üçün deyim ki, 26 avqust 2024-cü ildə keçirilmiş iclasından sonra KK-nın işində uzun müddət fasilə yaranmışdı. Halbuki, bu qurum peşəkar futbolun ən vacib ünsürləri olan peşəkar futbol klublarının problemlərinin müzakirəsi, onların AFFA rəhbərliyinə çatdırılması üçün çox vacib platformadır. Sevindiri haldır ki, cari ilin iyunundan başlayaraq, KK öz fəaliyyətini bərpa edib, Komitə üzvləri etimad göstərib mənə sədrlik funksiyasını həvalə ediblər. İyundan bəri 3 iclas keçirilib. Ən azı bu iclasların keçirilməsi, Premyer liqa klublarının narahat edən məsələlərin gündəmə gətirilməsi, bu yolla AFFA və PFL rəhbərliyi ilə bəlli dialoqun daha da inkişaf etdirilməsi müsbət haldır. Təbii ki, KK-nın işini daha da təkmilləşdirmək olar. Bunun üçün əsasnaməsi yenidən işlənməli, KK-nın mandatının nədən ibarət olması daha aydın olmalıdır. Şəxsi fikrim ondan ibarətdir ki, xüsusilə, I Liqa klublarının nümayəndələrinin də KK-nın işində iştirak imkanları olmalı, ölkədə peşəkar klub futbolu ilə əlaqədar onların da mövqelərini öyrənmək üçün bu platformadan istifadə edilməlidir. Bu istiqamətlərdə iş gedir. KK sədri olaraq, öz təkliflərimi müxtəlif görüşlərdə səsləndirmişəm. İnanıram ki, bu işin nətəcəsini də görə biləcəyik.

- "Şamaxı"nın qış hazırlığını ölkə daxilində keçirməsi sizə mövsümün ikinci hissəsində necə təsir göstərə bilər?

- Hava şəraiti ilə əlaqədar hazırlığı Şamaxıda keçirmək komandanın planlarına təsirsiz ötüşməyəcəkdi, ona görə də Bakını seçdik. Ötən mövsümdə də hazırlığımız Bakıda olmuşdu və ikinci yarı kifayət qədər yaxşı keçmişdi. Toplanışın harda olmasının o qədər də önəmi yoxdur. Bu hazırlıq dönəmində cəmi 4-5 komanda ölkə xaricinə yollanacaq, digərləri ölkədə qalacaq, ona görə yoxlama matçları baxımından da problem olacağını düşünmürəm.

"Danışılmış oyunlar məsələsi KK iclaslarında da vaxtaşırı müzakirə olunur"

- Müsahibənin əvvəlində "məlum yaşanan hadisələr" deyərkən, iki futbolçunuz - Giorgi Kantariya və Adil Nağıyevin danışılmış oyun qalmaqalında iştirakını nəzərdə tuturdunuz?

- Bəli. "Şamaxı" klub olaraq bu məsələnin araşdırılmasında AFFA və hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq etdi və iş məhkəməyədək çıxdı. Məhkəmənin hökmü ilə isə bəlli bir nəticə oldu.

- Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib. Sizcə, Nağıyev layiqli cəzasını alıbmı?

- Layiqli olub-olmaması başqa söhbətin mövzusudur. Onunla bağlı məhkəmə öz fikrini deyib. Yəni, məhkəmə hökmünü dəyərləndirmək bizə düşməz. Amma fakt ondan ibarətdir ki, məhkəmə tərəfindən hökm oxunub.

- Kantariya da cəzasını alıb?

- O barədə məndə məlumat yoxdur. Bildiyim qədərilə, Kantariya barəsində cinayət işi davam edir. Detalları bilmirəm. Maraqlansanız, prokurorluq orqanları daha düzgün məlumat verə bilərlər.

- Nağıyevin klub tərəfindən bağışlanması mümkündür?

- Onun barəsində birinci instansiya məhkəməsinin hökmü var. Narazı qalarsa və hökmü ədalətsiz hesab edərsə, apellyasiya verə bilər. Bəraət məsələsinə klub yox, məhkəmələr baxır.

- Bu məsələnin üstündə axıradək duran klub olduğunuzu bildirdiniz. Presedent yaradan klub və hüquqşünas olaraq, Sizdən soruşmaq istərdik: Azərbaycan futbolunda şübhəli oyunlar varmı?

- Bu məsələ AFFA və beynəlxalq futbol qurumlarının daimi diqqətindədir. Təbii ki, Azərbaycanda keçirilən müxtəlif futbol yarışlarında vaxtaşırı qəribə hadisələr olur. O halda isə dərhal araşdırmalar aparılır. Dediyim kimi, məsələnin daimi diqqət mərkəzində olması birmənalıdır.

- KK iclaslarına I Liqa klublarını da cəlb etmək istəyiniz aşağı liqada şübhəli oyunların getməsi səbəbindən ola bilər? Məsələn, qış fasiləsindən öncə XII turun bəzi qarşılaşmalarındakı hesablar qeydə alınıb...

- Xeyr. I Liqa klublarının KK iclaslarında təmsil olunmaları məsələsi sırf mənim fikrimdir. Çünki onlar da peşəkar futbolun bir hissəsidir. Bu gün I Liqa klubları müzakirələrdən, qaldırılan məsələlərdən bir növ kənarda qalıblar. O baxımdan, hesab edirəm ki, onları da ən azından KK-nın işinə cəlb etmək olar. Hansı formada iştirakları və digər məsələlər isə müzakirə predmetidir.

- Heç olub ki, KK iclaslarında danışılmış oyunlar məsələsini müzakirə edəsiniz?

- Təbii ki, bu məsələ də vaxtaşırı müzakirə olunur.

- Hansı aspektdən?

- KK-nın mandatı bilavasitə bununla bağlı deyil. Amma Azərbaycan futbolunda baş verən və klubları narahat edən istənilən məsələ müzakirə predmeti ola bilər.

- Sizcə, Azərbaycan Premyer Liqasının baş sponsorunun mərc oyunları şirkəti olması müəyyən şübhələrə yol açırmı?

- Güman etmirəm. Bettinq şirkətlərinin peşəkar futbolda iştirakı təkcə Azərbaycanda deyil, bütün ölkələrdə mövcuddur. Hesab edirəm ki, bircə bu faktın özü bettinq şirkətlərinin peşəkar futbolu maliyyələşdirməsini şübhə altına qoymağa imkan yaratmır.

Xəbər xətti