"Neftçi"nin sabiq forvardı Ruslan Qurbanov Sportal.az saytına müsahibə verib.
- “Neftçi” hazırda turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komandanın bu nəticəni göstərməsi sənin üçün də gözlənilməzdir?
- Əlbəttə ki, "Neftçi"ni bu vəziyyətdə görmək mənim, klub azarkeşlərinin və ya klub rəhbərliyinin gözlədiyi bir şey deyildi. "Neftçi" büdcəsi ilə çempionluq uğrunda mübarizə aparmalı olan klubdur. Təəssüf ki, hazırda vəziyyət belədir.
- Klub rəhbərliyi Samir Abasovu postundan göndərdi. Onlar uğursuz nəticələrə görə bu addımı atdılar....
- Ona hər şey - oyunçular, büdcə verilmişdi, təlim-məşq toplanışları üçün şərait yaradılmışdı. Nəticə vermədiyi üçün klub rəhbərliyi ondan razı qalmadı. Ona görə də vidalaşdılar.
- Hazırda komandanın baş məşqçisi Yuri Vernidubdur. O, “Şerif”də yaxşı işlər görüb. Səncə, “Neftçi”də də uğurlu nəticə verə biləcək?
- Onun rəhbərliyi altında "Neftçi" indiyə qədər iki oyunda 4 xal toplayıb. Üstəlik, ona vaxt lazımdır və necə çıxış edəcəklərini zamanla görəcəyik. Təlim-məşq toplanışlarından sonra nəticələr görünəcək.
- Bu mövsüm “Neftçi”nin oyunlarını izləyirsən? Səncə, yaxşı heyətə, yaxşı futbolçulara malikdir komanda?
- Əlbəttə ki, bəzən matçları izləyirəm. Orada bəzi yaxşı oyunçular var. Amma düşünürəm ki, hər halda bəzi gücləndirmələr lazım gələcək. Fikrimcə, onlar bunu edəcəklər.
- “Neftçi” ölkə kubokunda iştirakını dayandırıb və avrokuboklara vəsiqə qazanmağın yeganə yolu Premyer Liqadadan keçir. Necə düşünrsən, onlar bunu reallaşdıra bilər?
- İnanıram ki, onlar bu vəziyyətdən çıxa biləcəklər. Ümid edirəm ki, 2026-cı ildə “Neftçi” yüksək yerlərdə olacaq və avrokuboklara vəsiqə qazanacaq. Təkrar edirəm, “Neftçi”nin elə büdcəsi var ki, onlar hər mövsüm avrokuboklarda oynamalıdır.
Mirbağırağa
