"Şəfa"da Amil Yunanovla bağlı dolaşıq durum - klubun prezidenti bir söz deyir, baş məşqçi başqa söz, söhbətə "Araz-Naxçıvan"ın məşqçisi də qarışıb

14:57 - 8 Yanvar 2026

Azərbaycan futbolunda o qədər qəribəliklər görmüşük ki, daha təəccüblənəcək nəsə qalmayıb düşünürsən. Amma yenə də, fərqli, gözləmədiyimiz mənzərələrlə üz-üzə gəlirik zaman-zaman. 

Əfran İsmayılov. Vaxtı ikən yaxşı futbolçu olub. "Qarabağ"da və milli komandadakı oyunuyla azarkeşlərin rəğbətini qazanıb. Futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. Bura qədər hər şey normaldır. Amma sonra, "Araz-Naxçıvan"da işləyə-işləyə başqa klubda prezidentin müşaviri təyin olunub. Bu məqamda çoxları "error" verəcək... Belə iş olarmı? Azərbaycan futbolunda hər şey olar! Əfran İsmayılov Premyer Liqada "Araz-Naxçıvan"ın məşqçisi ola-ola, I Liqanın lideri "Şəfa"da müşavir vəzifəsini daşıyır.

Elə yalnız bu məqam "Şəfa"da işlərin nə qədər "peşəkar" qurulduğunu deməyə əsas verir. Kimsə düşünə bilər ki, I Liqada liderdilər, böyük işlər görürlər. Futbolçulara real dəyərindən 5-6 qat daha çox pul verib, sırf maliyyə imkanları hesabına hegemonluq edirlər. Əsl bacarıqları Premyer Liqaya çıxanda tam çılpaqlığıyla görünəcək zatən. 

Hal-hazırda "Şəfa"da elə bir vəziyyət yaranıb ki, klubda kimin söz sahibi olmasını belə müəyyənləşdirmək çətindir. Konkret bir hadisə bunu deməyə əsas verir. Millimizin sabiq futbolçusu Amil Yunanovun başına gətirilənlər əyani nümunədir. 

Təcrübəli forvard II Liqada mübarizə aparan "Şəfa"nın yuxarı liqaya qalxmasında əsas pay sahiblərindən olub. Lakin Elgiz Kərəmlinin baş məşqçi təyin olunmasıyla vəziyyət dəyişib. Komandaya ona qədər, birbaşa klub prezidenti Sərdar Salmanzadənin dəvəti ilə gələn futbolçu baş məşqçinin "qara siyahı"sına düşüb. Yayda Amilin artıq çəkisi olduğunu səbəb gətirərək onunla yolları ayırmaq istəyib. Futbolçu qısa zamanda çəkisini normaya saldığı üçün Kərəmlinin istəyi baş tutmayıb. 

Lakin I Liqada arxada qalan yarım mövsümdə Yunanov demək olar ki, şans qazanmayıb. Elgiz Kərəmli dərin ehtiyata göndərdiyi hücumçunu komandada görmək istəmədiyini rəhbərliyə də bildirib. Qış fasiləsinə lider kimi yollanan "Şəfa"nın çalışdırıcısı Yunanovla yolların ayrılmasını bir növ tələb kimi də qoyub rəhbərliyin qarşısında.

Klub prezidenti Sərdar Salmanzadə ilə Amil Yunanov arasında anlaşma olub ki,  kompensasiya kimi futbolçuya 3 aylıq maaşı ödənilsin. Sərdar bəy bununla həm də, II Liqada klub qarşısında xidmətləri olan futbolçunun adına layiq şəkildə yola salınmasını istəyib.

Lakin sonradan bu hadisənin ortasında Əfran İsmayılov peyda olub. "Araz-Naxçıvan"ın məşqçisi, "Şəfa"da müşavir şəxs qərar verib ki, Amil Yunanov danışılan kompensasiyanı almayacaq. Həqiqətən qəribə durumdur. Klubun prezidenti bir söz deyir, müşavir başqa söz...

Amil Yunanovu tanıyırıq. Böyük Premyer Liqa təcrübəsi var. Harada oynayıbsa, çalışqanlığı, üzərində işləməyi ilə seçilib. Lakin "Şəfa"ya klub prezidenti tərəfindən dəvət olunduğuna görə baş məşqçiyə tərs gəlib, prezidentlə kompensasiyanı razılaşdırdığı üçün isə müşavirin qəzəbinə gəlib. 

Ya "Şəfa" əcaib idarə olunur, ya da Amil Yunanov bəxtsiz adamdır ki, "hər işi daşdan çıxır"... Amma bir şey dəqiqdir ki, müqaviləni klub pozursa, futbolçuya kompensasiya verilməlidir. 

Sportal.az

Xəbər xətti