"Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu çıxışı mənim üçün sürpriz deyildi"

18:22 - 11 Yanvar 2026

"Qarabağ"ın bu mövsüm Çempionlar Liqasındakı uğurlu çıxışı mənim üçün sürpriz deyildi. Çünki “Qarabağ” o qədər yaxşı oynadı ki, bu qələbələrə layiq idi. Onların bu mövsüm bütün matçlarına izləmişəm. “Qarabağ”ın Çempionlar Liqasında layiqli mübarizə apardığını demək olar".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri deyib. 

Şimali Makedoniya millisinin keçmiş kapitanı Ağdam klubunun Çempionlar Liqasının liqa mərhələsinin qarşıdakı 2 turunda uğurlu nəticə qazanmaq şanslarını dəyərləndirib.
Şakirinin fikrincə, “Qarabağ” “Ayntraxt”la görüşdə də uğurlu nəticə qazana bilər:

"Təbii ki, qarşıdakı matç daha da ağır olacaq. Almaniya klublarının necə güclü olduğunu yaxşı bilirik. “Qarabağ” da özünə inanmalıdır, qələbə qazana biləcəklərini düşünməlidirlər. “Qarabağ”a uğurlar arzu edirəm. Bilirəm ki, hazırda Premyer Liqada lider “Qarabağ” deyil, “Sabah”dır. İndidən bir söz demək, proqnoz vermək çətindir. Qarşıda matçlar çoxdur və liqanı yenidən qazanmaq lazımdır. Məncə, “Qarabağ” bunu edə biləcək".

“Vardar”, “Malatyaspor”, ÇSKA(Sofiya), “Vest Bromviç”, “Olborq”, “Şkendiya” klublarında oynamış Şakirinin son komandası “Qarabağ”(2008-2009) olub. Şimali makedoniyalı məşqçi kimi “Şkendiya”, “Kukesi”, “Flamurtari”, “Şaffhauzen” klublarını çalışdırıb.

Mirbağırağa
 

Xəbər xətti