"Qarabağ" "Neftçi" və "Sabah"ı məğlub etsə, mövsümün sonu daha maraqlı alınacaq"

18:49 - 18 Aprel 2026

"Əlbəttə ki, “Qarabağ”ın oyunlarını izləyirəm. Çalışıram ki, çempionatın bütün matçlarına baxım. Son vaxtlarda “Qarabağ”ı çempionatda lider görməyə də öyrəşmişdik. Bu mövsüm lider “Sabah”dır. “Qarabağ”la 10 xallıq fərq var. Həqiqətən də çox maraqlı çempionat gedir".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

Ağdam klubunun keçmiş oyunçusu “Qarabağ”ın mövsümün gedişində “Kəpəz” və “Şamaxı” ilə görüşlərdəki xal itkilərinin çox vacib olduğunu bildirib: "Bu mövsüm həm “Kəpəz”, həm də “Şamaxı” “Qarabağ” üçün başağrısı oldu. Deyə bilmərəm ki, “Qarabağ” nəyə görə onları məğlub etməyi bacarmadı. Amma “Kəpəz”, “Şamaxı” yaxşı oyun göstərib, yaxşı performans göstəriblər ki, “Qarabağ” onlara qalib gələ bilməyib. Çempionat maraqlı davam edir. Liderlər autsayderlərlə görüşlərdə də xal itirirlər. Bu da çempionata olan marağı yaradır”.

Əmirquliyevin fikrincə, “Qarabağ”ın “Sabah”dan turnir cədvəlində bu qədər geri qalmasının səbəbi ikincilərin bu mövsümkü performansıdır: “Qarabağ”ın “Sabah”dan 10 xal geridə qalmasını heç kəs gözləməzdi. Hamımız “Qarabağ”ı lider görməyi öyrəşmişik. Bunun səbəbləri çoxdur. Elə birincisi səbəb “Sabah”ın özüdür. Onlar bu mövsüm çox yaxşı çıxış edirlər, çox yaxşı oynayırlar. “Qarabağ”ın da autsayderlərlə gözlənilməz xal itkiləri gətirib bu nəticələrə çıxardı. Fərq az deyil. Amma onu da nəzərə alaq ki, onların təxirə salınmış oyunu qalıb. Bu gün də “Sabah”la oynayacaqlar. “Qarabağ” "Neftçi" və "Sabah"ı məğlub etsə, mövsümün sonu daha maraqlı alınacaq. “Qarabağ”ın bunu etməyə gücü var. Bu gün keçiriləcək görüşdən çox şey asılıdır”. 

Mirbağırağa

Xəbər xətti