"Qarabağ"ın yeniləri - emosional Medinanın yerinə intellektual Varkonyi

13:53 - 10 İyul 2026

Uzun illərdir alışdığımız kimi "Qarabağ" yenə avrokuboklara qələbə ilə başladı. Alışmadığımız o idi ki, həmişəki kimi ÇL-də yox, bu dəfə Avropa Liqasında gördük "Qarabağ"ı. 

Rəqibə sayğısızlıq olmasın, amma İslandiya klubu "Qarabağ"a problem yaradacaq komanda deyil. Elə oyundan sonra da "Vestri"nin məşqçisinin fikirlərindən belə anlaşıldı ki, daha böyük hesabla məğlub olmadıqlarına görə işindən məmnun qalıb. Açıq-aşkar sezilirdi ki, məqsəd çox qol buraxmamaqdır. 

Əslində, belə oyunda həm "Qarabağ"a komanda kimi, həm də ayrı-ayrılıqda futbolçulara qiymət vermək çətindir. Səviyyə fərqi o qədər böyük idi ki, futbolçular istədiklərini rahat şəkildə həyata keçirə bilirdilər. Yalnız rəqibin 1-ci zonasında sıxlığa görə müəyyən əngəllə üzləşirdilər. 

Lakin hər şeyə rəğmən, "Qarabağ"ın bəzi yeni futbolçuları barədə ilkin təəssüratları bölüşmək mümkündür. Yəqin əksəriyyətin ilk gözünə dəyən Zakaria Savo oldu. İsveçli forvard fəallığını qola çevirdi, məhsuldar ötürmə verdi. Onun kimi Renaldo Sefas da ilk rəsmi oyununda "Qarabağ"da qol hesabını açdı. 

Amma mənim diqqətimi ən çox çəkən Bense Varkonyi oldu. 24 yaşlı macar stopper ağıl dolu oyun sərgiləməklə müsbət mesajlar verdi. Onu Medinanın yerini doldurmaq üçün gətiriblər. Yazılanlara inansaq, Varkonyinin transferi "Qarabağ"a 1 milyon avroya başa gəlib. İlk baxışdan demək mümkündür ki, Varkonyi ilə Medina fərqli oyun üslubları olan müdafiəçilərdi. Medina daha çox emosional, döyüşkən tərzə yaxın idisə, Varkonyi bu mənada intellektuala bənzəyir.

Yenilərdən Samuel Lobatonu da fərqləndirmək olar. Meydana ikinci hissədə daxil olan portuqaliyalı mərkəz yarımmüdafiəçisi də səliqəli oyun davranışı, doğru qərarları ilə diqqət çəkdi. Lobatonun da Varkonyi kimi 24 yaşı var. "Qarabağ" onunla da 3 illik müqavilə bağlayıb. 

Emin Abbasov

Xəbər xətti