"Qarabağ"ın sabiq futbolçusu Emin İmaməliyev Sportal.az saytına müsahibə verib.
- "Qarabağ" Avropa Liqasının təsnifat mərhələsində ÇSKA(Sofiya) səddini keçə bilmədi. Bunu nə ilə əlaqələndirirsən?
- Nəzərə alsaq ki, "Qarabağ"ın heyəti yeni transferlər hesabına formalaşıb, futbolçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac var. Bu amillərin hamısı komandanın oyununa təsir göstərir. Amma ÇSKA-ya qarşı yaxşı performans göstərdilər. Təbii ki, "Qarabağ"ın mərhələ keçməsini istəyərdik. Hər halda, bu dəfə belə alındı.
- "Qarabağ" ÇSKA ilə hər iki matçda üstün futbol sərgilədi, amma qalib gələ bilmədi. Bəs rəqibə 210 dəqiqə ərzində cəmi bir qol vura bilməməyi necə şərh edərdin?
- Düzdür, "Qarabağ" üstün oynadı. Ancaq yaratdığı qol epizodlarından lazımınca yararlana bilmədi. Məncə, bu, müəyyən mənada normaldır. Çünki komanda yeni formalaşır və futbolçular hələ bir-birinə tam uyğunlaşmayıblar. Düşünürəm ki, "Qarabağ" oyundan-oyuna daha da yaxşılaşacaq. Qol vura bilməsələr də, buna çox yaxın oldular.
- "Qarabağ"ın yeni transferləri ümid verir? Səncə, Zakaria Savonun əvəzinə daha güclü forvard transfer etmək olardı?
- Yeni transferlərin nə dərəcədə faydalı olacağını yalnız qarşıdakı oyunlarda görəcəyik. Hələlik onların potensialı barədə qəti fikir söyləmək tezdir. Qarşıda matçlar çoxdur.
- Zakaria Savo 8 həftə oynamayacaq. Səncə, onu kiminlə əvəzləmək daha doğru olardı? Yəqin ki, vingerlərdən biri ilə? Çünki Musa Qurbanlı o effekti verməyəcək...
- İstənilən əsas futbolçunun itkisi ağır olur. Amma düşünürəm ki, məşqçilər heyəti Zakaria Savonu layiqincə əvəz edə biləcək futbolçunu meydana buraxacaq. Musaya gəlincə isə, məncə, kifayət qədər şans qazansa, komandaya fayda verə biləcək oyunçudur.
- "Qarabağ" Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Dinamo"(Kiyev) ilə qarşılaşacaq. Bu rəqibi keçmək mümkün olacaq?
- "Qarabağ"ın gücünü də bilirik, nəyə qadir olduğunu da. Bilirik ki, bu səviyyədə bütün oyunlar çətin və gərgin keçir. Mən bu cütün şanslarını 50/50 qiymətləndirirəm. Bəli, çətin oyun olacaq, dəqiqdir. "Qarabağ"a uğurlar arzulayıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq.
- Ümumiyyətlə, "Qarabağ"ın Konfrans Liqasının əsas mərhələsinə yüksələcəyinə inanırsan?
- İnanıram ki, "Qarabağ" "Dinamo"nu keçə bilsə, Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanacaq. Məncə, əsas məsələ məhz bu rəqibi mübarizədən kənarlaşdırmaqdır. Təbii ki, pley-off da asan olmayacaq. Sadəcə mən "Dinamo" səddini keçiləcəyi təqdirdə, qrup mərhələsinin böyük ölçüdə həll olunacağını düşünürəm.
- "Qarabağ" "Dinamo" səddini keçərsə, pley-off mərhələsində "Tvente" və ya "DAK Dunayska" ilə qarşılaşacaq. Bu barədə fikrin necədir?
- Hələlik bütün diqqəti "Dinamo" ilə oyunlara yönəltmək lazımdır. Çünki əvvəlcə bu mərhələni uğurla adlamaq vacibdir. Ondan sonra mümkün rəqib və pley-off barədə daha sağlam fikir yürütmək olar.
Mirbağırağa
