Ağdam klubunun Çempionlar Liqası və Avroliqadakı iştirakına görə qazancı müəyyənləşdi
Bu gün UEFA 2014/15 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq klubların gəlirlərini açıqlayıb.
Sportal.az-ın qurumun saytına istinadən yaydığı xəbərə əsasən, cari mövsümdə “Qarabağ”ın da yarışacağı Avropa Liqasından teleyayım, kommersiya xarakterli müqavilələrə görə 225 milyon avro gəlir əldə olunacaq.
Bu məbləğin 168 milyonu qrup mərhələsinin iştirakçıları arasında bölünəcək.
Azərbaycanın Avroliqadakı yeganə təmsilçisi "Qarabağ" klubuna turnirin qrup mərhələsində oynayacağı üçün 1,3 milyon avro mükafat veriləcək.
Qrupdakı hər qələbəyə 200 min avro, heç-heçəyə görə isə 100 min avro pul mükafatı ayrılıb.
Avroliqanın 1/16 finalına qrup qalibi kimi çıxan komandaya 400 min avro, ikinci pillənin sahibi kimi çıxana isə 200 min avro mükafat veriləcək. 1/8 finalda oynayan 350 min avro, 1/4 finala yüksələn komanda isə 450 min avro gəlir əldə edəcək. Yarımfinalçı 1 milyon avro, finalçı isə 2,5 milyon avro ilə mükafatlandırılacaq. Avropa Liqasının qalibinə 5 milyon avro mükafat veriləcək.
Bundan başqa "Qarabağ" klubu Çempionlar Liqasının təsnifat mərhələsində iştirakına görə 200 min avro gəlir əldə edib. Üstəlik Ağdam təmsilçisi üçüncü təsnifat mərhələsində mübarizəni dayandırdığı üçün daha 200 min avro qazanıb.
Beləliklə, ÇL-in təsnifat mərhələsindəki iştirakına və Avroliqanın qrupuna düşdüyü üçün “Qarabağ” 1,7 milyon avro gəlir əldə edib. Qrupdakı nəticələrdən asılı olaraq, Ağdam klubunun gəliri daha da arta bilər.
saytlarin hazirlanmasi