İtaliya mətbuatı: "Qarabağ" müharibələr və işğallar arasında"

19:00 - 4 Oktyabr 2014

"Xarici ölkələrdə tariximizin diqqət mərkəzində olması bizim üçün önəmli haldır"

 

İtaliyanın “La Repubblica” qəzetinin saytında Ağdamın “Qarabağ” futbol klubu ilə bağlı məqalə yerləşdirilib.

 

Sportal.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, məqalədə qeyd olunub ki, Azərbaycanlı futbolçular daim ermənilər tərəfindən işğal olunmuş, dağıdılmış Ağdam şəhəri haqqında düşünürlər. Dağlıq Qarabağ münaqişəsi başladıqdan bəri “Qarabağ” klubu oyunlarını Bakıda keçirmək məcburiyyətində qalıb. Dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın bu klubu 1951-ci ildə yaradılıb. Bir zamanlar 60 min əhalisi, gözəmeydanları, küçələri və binaları olan bu şəhər indi xarabalığı xatırladır.

 

Yazıda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun sözlərinə də yer verilib:

 

“Ümid edirəm ki, öz doğma şəhərimizdə oyun keçirəcəyimiz gün uzaqda deyil. Mən tez-tez Ağdamla bağlı suallar eşidirəm. Bu, məni məyus etsə də, xarici ölkələrdə tariximizin diqqət mərkəzində olması bizim üçün önəmli haldır”.

 

Müəllif oxucuların diqqətinə çatdırır ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından qovulan azərbaycanlıların şərəfini təmsil etdiyi üçün “Qarabağ” klubu “xalqın komandası” da adlandırılır. Klubun keçmiş üzvü, futbolçu Allahverdi Bağırov bu münaqişədə şəhid olan Azərbaycan idmançılarından biridir.

Xəbər xətti