Murad Əliyevlə Portuqaliyanın "Braqa" klubu maraqlanır
Ötən saylarımızın birində Avropada fəaliyyət göstərən TSHB-19 - Futbolçuların Diaqnostika Mərkəzi və həmin mərkəzin təşkil etdiyi layihədə “İnter"in 15 yaşlı futbolçusu Murad Bağırovun qazandığı uğurdan bəhs etmişdik.
Xatırladaq ki, TSHB-19 layihəsi Avropanın bir çox top-komandaları və futbol akademiyalarının maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Onların arasında İtaliya, İngiltərə, Hollandiya və digər ölkələrin klubları və futbol akademiyaları var. Məqsəd istedadlı gənc futbolçuları axtarıb tapmaq və onları layihəyə sərmayə yatıran klub və akademiyalara verməkdir. Mərkəzin Avropanın bir neçə şəhərində, o cümlədən Paris və Londonda ofisləri yerləşir.
TSHB-19-da Avropada kifayət qədər tanınmış futbol və tibb mütəxəssisləri yer alıblar. Qurumun onlarla nümayəndəsi müxtəlif, əsasən də 2-ci dərəcəli futbol ölkələrində oynayan 15-17 yaşlı gənc futbolçuların normativ testlərini toplayıb Avropadakı ofislərinə göndərirlər. Bu, 1-ci mərhələ hesab edilir. 1-ci mərhələdə TSHB-19-un mütəxəssisləri göndərilmiş normativ testlərə əsasən onları qane edən gənclərə 2-ci mərhələdə iştirak etmək imkanı yaradırlar. 2-ci mərhələyə keçən futbolçular TSHB-19-un təyin etdiyi vaxtda və yerdə toplaşmalıdırlar. Burada onlardan təkrar normativ testlər götürülməkə yanaşı, tam tibbi müayinədən keçirilir, təpədən-dırnağa kimi yoxlanılırlar. Əgər futbolçunun səhhətində cüzi problem aşkar olunarsa, seçimlərdən kənarlaşdırılır.
Murad Bağırov 1-ci mərhələni uğurla keçmişdi. 2-ci mərhələ fevralın 29-da Tbilisidə başlayacaq və 2-4 gün çəkəcək. Muradın nəticəsi 1 həftə ərzində məlum olacaq.
Normativi TSHB-19-a göndərilmiş daha 2 futbolçudan şad xəbər var. Birincisi, "Əlincə"nin 2007-ci il təvəllüdlü futbolçusu Abdullayev Ömərlə bağlıdır. Ömər iyulun 1-dən 15-ə kimi Hollandiyanın Utrext şəhərində təşkil ediləcək “Yay tətili" məşqlərinə dəvət alıb. Futbolçu və valideyninin yol, otel, viza və digər xərclərini TSHB-19 qarşılayacaq.
İkinci şad xəbər isə “Qarabağ"ın 17 yaşlı futbolçusu Murad Əliyevlə bağlıdır. Murad TSHB-19-un təşkil etdiyi builki layihədə 1-ci mərhələni uğurla adlayıb. Növbəti mərhələnin vaxtı və keçirilmə yeri ilə bağlı məlumat mayın 1-ə kimi veriləcək. Üstəlik, layihə rəhbərliyi Muradın ilk mərhələdəki nəticələrinə görə onunla Portuqaliyanın “Braqa" klubunun maraqlandığını bildiriblər.
Bu da son deyil, fevralın əvvəllərində “İnter"in 15 yaşlı futbolçuları Murad Bağırov və Samir Oruclu Moskvanın “Spartak" klubunun Futbol Akademiyasında olublar. Gənc futbolçular Moskvaya əməkdar məşqçi Boris Tibilovun təşəbbüsü ilə gediblər. Məqsəd yerli futbolçuların səviyyəsini yoxlamaq, onların rusiyalı gənclərlə ayaqlaşıb-ayaqlaşmadıqlarını müəyyənləşdirmək olub. Qeyd edək ki, Tibilov bir vaxtlar “Spartak"ın Futbol Akademiyasında məşqçi kimi çalışıb və Moskva klubu ilə yaxşı əlaqələri var. “İnter"in U-15 komandasının baş məşqçisi Vaqif Hidayətovun əməkdaşımıza verdiyi məlumata görə, rusiyalı məşqçilər hər 2 futbolçunun səviyyəsindən razı qalıblar. Hətta onları akademiyalarına cəlb etmək məsələsi də gündəmə gəlib. Lakin xarici ölkə vətəndaşları ilə müqavilə imzalamaqla yanaşı digər problemlər olduğu üçün bu iş təxirə düşüb. Qısası, gələcəkdə Muradla Samir “Spartak"a çağırıldığını eşitsək, təəccüblənmək lazım deyil.
Azər TAĞIYEV
“Het-trik news”qəzeti
saytlarin hazirlanmasi