"Ənənə"sinə sadiq "Sumqayıt" YAZI

11:06 - 23 Mart 2016

Samir Abasov da xilaskar olmadı
 
Cari mövsüm  hələ davam edir, çempionatın başa çatmasına 11 tur qalıb. Lakin indidən “Sumqayıt"ın bu mövsüm də birinciliyi autsayderlər qrupunda başa vuracağını əminliklə söyləyə bilərik. Komanda 5 mövsümdür Premyer Liqada mübarizə aparır. Gəl ki, indiyə kimi ən yaxşı halda sondan ikinci yeri tutub. Bu il “Rəvan" və “Xəzər Lənkəran"ın zəif çıxışı fonunda komanda yəqin ki, tilsimi qıracaq. Amma buna qətiyyən uğur adı vermək olmaz. Komanda yeni yarananda yığma komandaların bazası, Azərbaycan futbolunun gələcəyinin cəmləşdiyi klub kimi təqdim edilmişdi. Deyəsən, o vaxt təqdimat düzgün olmayıb.
 
“Şəhər"li başlanğıc və ya alman-türk klubu
 
Ötən 5 ildə azarkeşlər fərqli “Sumqayıt" gördülər. 2011-ci ilə “Sumqayıt Şəhər" kimi başlayan komandaya o vaxt müxtəlif yığma komandalarda yer alan futbolçular cəlb olundu.  Özü də həmin futbolçuların bəziləri azərbaycanlı, yerli deyildilər. Komandanın düşərgəsində Andrey Popoviç, Abdulla Avatsiyev kimi legionerlər də forma geyinirdilər. Baş məşqçi də gəlmə idi - alman Bernhard Raab. Bununla belə, heyətin böyük əksəriyyətinin yerli futbolçulardan təşkil olunması xoş idi. İlk mövsüm olduğu üçün heç kim bu komandanın “üstünə getmədi", çempionatın sonunda autsayder olduğu üçün onları qınayan tapılmadı.
 
Növbəti mövsümlərdə  strategiya bir qədər dəyişdi. Yəni, legionersiz, yalnız yerli futbolçulardan təşkil olunan komanda. Ancaq bu üzdə belə görünürdü. Heyətdə oynayan əcnəbi futbolçuların pasportuna “Azərbaycan vətəndaşı" yazılsa da, milliyyət məsələsində işlər dəyişdi. Düşərgəyə Türkiyədən, Almaniyadan qeyri-azərbaycanlı futbolçular cəlb olundu və onlara Azərbaycan pasportu verildi. Ancaq bu variant da gözlənilən effekti vermədi. Həmin alman-türk futbolçular ortaya ciddi heç nə qoymadılar. Əksinə, bir çox oyunlarda kobud səhvləri ilə yadda qaldılar. Görünür, bu səbəbdən mövsüm başa çatar-çatmaz onlardan imtina olundu, 
 
3 mövsüm “Sumqayıt"da işləyən və komandaya heç bir uğur qazandırmayan alman Raabın gedişindən sonra postu Aqil Məmmədov təhvil aldı. Əslində, bu posta başqa məşqçilər də namizəd idi. Həm legioner, həm də Nazim Süleymanov, Şahin Diniyev və Arif Əsədov kimi yerlilər. Lakin klubun autsayder və iddiasız olması bu məşqçilərin “Sumqayıt"da çalışmasına imkan vermədi. Yekunda rəhbərlik əlacsız qalıb baş məşqçi postunu Aqil Məmmədova tapşırdı. İnsaf naminə deyək ki, Aqil müəllimin dövründə komandanın yaxşı oyunları az olmadı. Ən vacibi, “Sumqayıt" rəqibləri üçün başağrısına çevrildi. Lakin əsas olan nəticə idi ki, o dəyişmirdi.  Burada baş məşqçini qınamaq olmazdı. Çünki yaxşı nəticə qazanmaq, yüksək yerlər tutmaq üçün yaxşı futbolçular lazımdır. Yaxşı futbolçunu isə yaxşı büdcə ilə alarlar. “Sumqayıt"ın büdcəsinin 1 milyon manat civarında olmasını nəzərə alsaq... Məhz bu məqama görə klubun prezidenti Kamran Quliyevi qınamaq olmur. Quliyev mövcud imkanlar daxilində nələrsə etməyə nail olur. Amma həm onun, həm də baş məşqçinin komandada görmək istədiyi futbolçuları transfer etmək üçün mütləq əlavə pul lazımdır. 
 
Samir Abasov da xilaskar olmadı
 
Yaxşı büdcə olmayınca, Aqil Məmmədovun dediyi kimi, “futbolçu olmayan" futbolçularla oynamağa məcbur olursan ki, həmin “futbolçular" da axırda sənə torba tikirlər. Samir Abbasovun gəlişindən sonra iki tur ard-arda tam fərqli nəticələr oldu, “Sumqayıt" səfərdə “İnter"i məğlub edib, “Qarabağ"la heç-heçə oynadı. Hər kəs xilaskarın tapıldığını düşünürdü. Lakin az sonra məlum oldu ki, bu iki oyunda qazanılan nəticələr də təsadüfi imiş. Yəni “Sumqayıt" elə həmin “Sumqayıt"dı.  Çünki səfərdə “İnter" və “Qarabağ"dan 4 xal alan komanda bunun təsadüfi olmadığını sübut edə bilmədi və evdə “Kəpəz", “Rəvan" kimi komandalara məğlub oldu.  
 
Xırda uğurlar var, amma...
 
İnsaf naminə, mövcud olduğu 6 ildə “Sumqayıt"ın bütünlüklə uğursuz klub olduğunu demək olmaz. Komanda bu müddətdə müəyyən qazanc götürməyə nail olub. Nəticə baxımından olmasa da, maliyyə baxımından. Neçə-neçə futbolçu məhz “Sumqayıt"da parlayıb, iddialı klublara keçib. Bədavi Hüseynovun,  Ruslan Qurbanovun, Abdulla Abatsiyevin, Andrey Popoviçin, Hacı Əhmədovun, Orxan  Əliyevin, Rəhman Hacıyevin, Elşən Allahverdiyevin, Səlahət Ağayevin, Məhəmməd Mİrzəbəyovun, Məhəmməd Qurbanovun və digərlərinin adlarını çəkmək olar. Maraq üçün deyək ki, “Sumqayıt" bir vaxtlar Orxan Əliyevi “Xəzər Lənkəran"a 60 min dollara, Məhəmməd Qurbanovu isə “Neftçi"yə 40 min dollara satmışdı.  Bədavi Hüseynovun “Qarabağ"a, Uğur Pamukun isə “Xəzər Lənkəran"a transferi də Sumqayıt klubuna yaxşı pul qazandırmışdı.
 
Dəyişikliklər vacibdir
 
Lakin bütün bunların nəticə baxımından uğur sayılmamalıdır. Çünki kluba xeyri dəymir. Hesab edək ki, hansısa futbolçu yaxşı qiymətə başqa kluba satılıb. Burdan ilk növbədə qazanan klubun qeyri-rəsmi sahibi AFFA olur. Yəni, bu transferlərin nə büdcəyə faydası var, nə də azarkeşlərə. Hər nə qədər deyilsə də məqsəd Azərbaycan futboluna yeni futbolçular qazandırmaqdır, fakt budur ki, əsl Sumqayıt azarkeşi bu nəticələri qəbul etmir.  Cari mövsüm komandanın Avropa Liqasına yollanması üçün əla şans yaranmışdı. Bundan əvvəlki çempionatlarda iddialı komandaların çox olması sumqayıtlıların autsayderliyinə bəhanə olurdu. Hər halda, “Qarabağ", “Neftçi", “Xəzər Lənkəran", “Bakı", “İnter", “Qəbələ" olan yerdə heç kim “Sumqayıt”dan Avropaya vəsiqə gözləmir, heç tələb də etmirdi. Lakin cari mövsüm komandaların durumu göz önündədir. “Qarabağ" və nisbətən də “Qəbələ"ləylə “Zirə”ni çıxmaq şərti ilə digər klublar əməlli-başlı maddi sıxıntı yaşayırlar. Belə bir vəziyyətdə “Sumqayıt" ən azı 5-ci pilləni tutmağa borclu idi. Lakin hazırkı durum göstərdir ki, komanda hətta ən zəif  və mübarizənin aşağı səviyyədə olduğu çempionatda belə, autsayder mövqeyindən qurtula bilmir. Demək ki, bu günə qədər gedilən yol, qəbul edilən strategiya o qədər də uğurlu deyilmiş. “Sumqayıt" nə vaxta qədər ki, bu yolla gedəcək, Avropa bir yana,  heç ilk “6-lıq" üzü görməyəcək.  Bu günə qədər büdcə amilini də qabardırdıq. Lakin indiki halda AZAL, “Kəpəz", “Xəzər Lənkəran", lap elə “Rəvan" özü  də sübut elədi ki, büdcənin azlığı bəhanədən başqa bir şey deyil. Unutmayaq ki, “Rəvan"ın balansından 6 xal silinməsə idi, bəlkə də yaxın gələcəkdə “Sumqayıt"ı turnir cədvəlində geridə qoya bilərdi.  Qısası, “Sumqayıt" ən zəif və ən kasıb çempionatda da autsayder mövqeyindən çıxa bilmirsə, deməli, gedilən yol səhvdir, yolu dəyişmək lazımdır.
 
“Het-trik news” qəzeti

Xəbər xətti