- Məşq bitirən komanda üzvləri stadionu tərk etsə də, siz topla məşq edirdiniz. Bu formada qalmağınız üçündür, yoxsa futbolçulara daha çox çalışmaları üçün bir mesajdır?
- Arada olur ki, futbolçularla yarışıram. Həm öz formamı da saxlamaq üçün məşq edirəm və elə oldu ki, bu gün məşq günüm idi, sənin gəlişinə təsadüf etdi. Bu hər gün olmur.
- Bu dəfə də yarışırdınız?
- Bəli, Elvinlə yarışırdım. Bir dəfə o, uddu, bir dəfə mən (gülür).
- Millimiz bir neçə gün öncə Qazaxıstana məğlub oldu. Nəticə əsas sayılmasa belə meydanda yaxşı komanda, gözəl oyun görmədik. Sizcə, millidə nə çatışmır?
- Bu yoldaşlıq oyunudur. Belə oyunlarda məşqçinin əlində imkan olur ki, bəzi futbolçuları yoxlaya bilsin, onlara şans versin, potensialını görsün. Robertin işindən hamımız razıydıq. Hansı ki, seçmə mərhələdə milli yaxşı oyunlar oynadı, nəticələr qazandı. Görmədiyimiz futbolçuları gördük, çox oyunçuya şans verdi. Ancaq bir məğlubiyyətdən sonra fikirlər qarışdı. Bugünə kimi onun işindən, nəticələrdən razı qalmışıqsa, niyə indi başqa şeylər fikirləşək? Robert daima Premyer Liqa matçlarını izləyir, oyunlara gəlir. İmkan olduqca meydanda yeni fikirlər göstərmək istəyir. Mən demirəm ki, biz Qazaxıstan millisindən ikibaş üstün oynadıq, yox. Sadəcə onlar qol vurdular, biz isə imkanlardan istifadə edə bilmədik. Komandanın çatışmayan cəhətini mən deyə bilmərəm. Milli haqqında danışmağım düzgün çıxmaz.
- Futbolçularınızın çıxışından necə, razı qaldınızmı?
- Belə deyək, məğlub olanda razı qalmaram. Ancaq əsas olan oyundur. Elə oyunlar olur ki, mənim komandam meydanda uduzur, ancaq mən uduram. Komandanın çatışmayan cəhətlərini görürəm, səhvlərdən nəticə çıxardırıq. Ümumən razı qalmadım.
- Həmin oyunda Rəşad Sadıqovun meydandan çıxdıqdan sonra kapitanlıq sarğısını Bədavi Hüseynova verməsi istər mediada, istərsə də sosial şəbəkələrdə geniş rezonans doğurdu. Siz bu barədə nə deyərdiz?
- Bu məşqçinin seçimidir. Bu prosesin gedişinə baxmaq lazımdır. Ola bilər həmin gün məşqçi onu layiq bilib deyim, yoxsa necə... Belə baxanda Bədavi son oyunlarda ancaq start heyətində meydana çıxır. Ancaq bu məsələ Robertin işidir. O, komandaya daha yaxındır, nəinki biz. Əlavə olaraq deyim ki, mən həmişə futbolçularımdan tələb edirəm ki, millidə burdakından da daha məsuliyyətli olsunlar .
- Premyer Liqada son turlarda “Qarabağ” penalti üzünə həsrətdir. Hətta elə epizodlar olub ki, həmin anda hakim penalti təyin etməliydi, etməyib. Haqlı olduğunuz durumda belə lehinizə verilməli olan penalti verilməyib. Düşünmürsüz ki, çempionatda intriqanın ölməməsinə hesablanmış bir addımdır?
- Açığı, bu barədə düşünməmişəm. Belə detallara önəm vermirəm. Penalti olsa, verərdilər. Heç kimin işinə qarışmayaq. Biz çalışırıq ki, öz səhvlərimiz üzərində işləyək. Belə şeylər haqda düşünsək, bu bizim vaxtımızı aparar.
- Bu tur rəqib “Rəvan" olacaq. Düşərgədə zədəli və millidən qayıdan yorğun futbolçular var. Autsayderlə oyunda komandada hər hansı bir yenilik görə biləcəyikmi?
- El-Jaduyi zədəlidir. Digər futbolçular hazırdır. Millidən qayıdan futbolçular yüngül məşq etdilər. Reynaldo tam hazır deyil, ancaq qarşıdakı oyunlarda onu meydana buraxmaqa başlayacağıq. Hər oyunda yeniliklər gözlənilir. Yeniliklər olacaq.
- "World Coach Ranking" dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısını açıqlayıb. Siz həmin siyahıda bu dəfə 6 pillə irəliləyib İnzagi, Samu Hyupiya, Dik Advokat kimi məşqçilərdən öndə yer alırsınız. Komanda UEFA reytinqində, siz isə məşqçilər siyahısında irəliləməkdəsiz. Bununla bağlı düşüncələrinizi bilmək maraqlı olardı.
- Belə şeylərə çox önəm vermirəm. Hamı öz işini layiqincə görsə, heç bir sistemdə, heç bir sahədə problem olmaz. Mən öz futbolçularıma da tapşırıram ki, hər kəs öz işini ən yaxşı formada görməlidir. Bəli, bu gün 2-3 pillə irəliləmişik, deməli işimiz pis getmir. Bunu daha da yaxşılaşdırıb daha üst yerlərdə ola bilərik.