Qurban Qurbanov: "Matçda bir çox epizod var ki, iradlarımı futbolçulara bildirəcəm"

20:32 - 8 Aprel 2016

"Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu"
 
Azərbaycan Premyer Liqasının XXIX turunda "Qarabağ” doğma meydanında "Kəpəz”i  4-0 hesabı ilə məğlub edib.  

Sportal.az xəbər verir ki, oyunsonrası  mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmanı şərh edib:
 
- Bu gün 3 xal qazanmaq üçün istəkli idik. Rəqib son vaxtlar yaxşı formada idi. Komandam nəticə üçün oynamağı bacardı. Topsuz da yaxşı oynayıb, rəqibin sürətli hücumlarının qarşısını aldıq. Bu gün stadionda əsl futbol ab-havası var idi. Əsgərlərimizi yada salırdıq. Qarşıdakı oyunlara hazırlaşmaq vaxtımız var.
 
- "Qarabağ”a avrokubuklara potensial namizəddi. İkinci hissədə rəqibdən lazımi pressinq göstərə bilmədi.Sizi narahat etmir ki, 90 dəqiqə sizi oynamağa məcbur edəcək komanda yoxdu?
- Mən indi özümüzü düşünürəm. Ola bilər bu gün ikinci hissə asan göründü. İlk yarıda topa daha çox sahib olmağı istəyirdik, amma ikinci hissədə bunu edə bildik. Düşdüyümüz mühitə uyğun olanları yerinə yetirmək istəyirik. Avrokuboklara hələ çox  var. Qarşıda hələ bizi çempionat oyunları var.
 
- Namiq Ələsgərovu komandaya qaytaracaqsız?
- İcarə müddəti başa çatandan sonra bizim futbolçu olacaq.
 
- Şahin Diniyev onlara dərs keçdiyinizi dedi. Həqiqətən, "Kəpəz”ə futbol dərsi keçdiyinizi düşünürsüz?
- Komandadan hər oyunda nə isə tələb edirəm. Ola bilər bu bizdə alındı, amma rəqibdə yox.  Matçda bir çox epizod var ki, iradlarımı futbolçulara bildirəcəm.
 
- Sanki Mahir Mədətovun gözünü qırmısınız, sizdən çox çəkinir...
- Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdu. Hətta ilk yarıda bəzi epizodlara görə iradlarım var. Gənc futbolçunun düşüncələri oyunda olmalıdı. Yaşı azdı, çatışmazlıqları var.
 
- Stadionda möhtəşəm ab-hava var idi. Özünüzü bölük komandiri kimi hiss etmədiniz?
- Biz daim özümüzü əsgərlərimizin yanında hiss edirik. Orda olmaq istəyirik. Hazırda onlara köməyimiz elə orada olmamaqdı. Ali baş komandan hər hansı əmr versə, yerinə yetirməyə hazırıq.
 
- "Qarabağ” rəqiblərindən bir baş üstündü. Hər dəfə komandanı oyuna çıxarmaq motivasiya baxımdan sizə çətin gəlmir?
- Heç bir komandanı özümüzdən zəif saymamışam. Bütün rəqiblərə qarşı komandanı maksimum motivasiya etməyə çalışırıq. 
Sonda 17 yaşlılardan ibarət komandamıza da uğurlar arzu edirəm. Fikrimcə, bu yaşda futbolçuların yarışını təşkil etmək məncə daha yaxşı oldu. Bu, hamının futbola marağını daha da artıracaq. 

Xəbər xətti