Qurban Qurbanov: "Hər mövqeyə oyunçu transfer etmək istəyirik"

18:41 - 16 Aprel 2016

"O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı"
 
Premyer Liqanın XXX turunda baş tutan "Neftçi” – "Qarabağ” oyunu qonaqların 2-1 hesablı qələbəsi ilə başa çatıb.
 
Sportal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqına fikirlərini bildirib: 
 
- Məncə, hamı oyundan razı qaldı. Əsl futbol gördük. İlk hissədə hər iki komanda ehtiyatlı oyun nümayiş etdirdi. İkinci hissədə hər iki komanda tempi artırdı. Şükürlər olsun ki, sonda 3 xal bizim oldu. Bu xal bizim üçün vacib idi. Bu gün futbolçular sonadək mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Tribunalarda gözəl atmosfer var idi. "Neftçi"yə uğurlar arzulayıram.
 
 
- Sona 6 tur qalıb. Xal fərqi çoxdu. Növbəti oyunlarda əvəzedici heyətə şans verə bilərsiz? 
- Belə bir fikrim yoxdu. Ancaq hansısa oyunçunun istirahətə ehtiyacı olsa, dəyişiklik ola bilər.
 
- Şehiç açıqlamasında başqa klubdan sərfəli təklif olsa, qəbul edəcəyini deyib...
- Bu barədə xəbərim yoxdu. Onun bizimlə müqaviləsi var. Ancaq onun fikrinə normal baxıram. Yeni futbolçu axtarışındayıq. Hər mövqeyə oyunçu transfer etmək istəyirik.
 
- "Qarabağ" bu oyunda qol fürsətlərini sağa-sola xərcləyirdilər. Bunun səbəbini nədə görürsüz?
- Futbolçular bir qədər tələsirdilər. Əsasən də, Muaremin epizodunda. O, həmin epizodun təsirində qaldı və topu qapıya göndərmək yadından çıxdı.

Xəbər xətti