12 dəfə Lüksemburk çempionu olmağı bacarıb
Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ”ın 2-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun komandası Lüksemburqun “Düdelanj” klubu ilə üz-üzə gələcək.
Bu komandanı yaxından tanıyaq...
Lüksemburq “Düdelanj”ı 1991-ci ildə yaradılıb. Klub 3 kollektiv – “Alyans”, “Stad” və YuS kollektvilərinin birləşməsi nəticəsində həyata qədəm qoyub. Ötən əsrin 80-ci illərində maliyyə sıxıntısı keçirən bu komandalar çıxış yolunu birləşmədə görüblər.
Komanda 12 dəfə Lüksemburk çempionu olmağı bacarıb, 6 dəfə isə ölkə kubokunu qazanıb. “Düdelanj” tarixində ilk çempionluğu 2004-2005 mövsümündə əldə edib. Komanda debüt mövsümündəcə Lüksemburq tarixinə ÇL-də mərhələ adlayan ilk klub kimi tarixə düşdü. “Jrinski” ilə ilk görüşdə evdə 0:1 məğlub olan “Qarabağ”ın rəqibi, səfərdə hakimin əsas vaxta əlavə etdiyi 3-cü dəqiqədə hesabda önə keçir. Əlavə vaxtda isə “Düdelanj” daha 3 dəfə fərqlənməyi bacarır. Doğrudu, növbəti mərhələdə lüksemburqlular Vyana “Rapid”inə hər iki görüşdə məğlub olaraq, çıxışını başa vurur.
Növbəti mövsüm “Düdelanj” şəxsi rekordunu qoyur: klub tarixində ilk dəfə “qızıl dubl”a imza atır. 2011-ci ildə isə klub 1936-cı ildən əlçatmaz olan rekordu təkrarlayır: 12 ilə 13 qənimət. Bir il sonra yenidən “qızıl dubl”a imza atan kollektiv “Red Boyz Differanj”ın rekordunu təzələyir. 2012-2013 mövsümündə “Düdelanj” daha bir tarix yazdı: komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinədək irəliləməyi bacardı. Onlar sensasyon şəkildə Avstriya “Zalsburq”una evdə 1:0 qalib gəldikdən sonra səfərdən sərfəli 3:4-lük məğlubiyyətlə döndü. ÇL-in 3-cü təsnifat mərhələsində Sloveniya “Maribor”una 2 oyunun nəticəsinə görə yenilən lüksemburqlular, Avropa Liqasının pley-off mərhələsinə düşdü. Lakin burda da İsrail “Hapoel”i ağdamlıların rəqibi üçün keçilməz səddə çevrildi. Buna baxmayaraq, həm ÇL, həm də AL-də Lüksemburq tarixinin rekordçusu məhz “Düdelanj”dı. Düdelanj şəhərinin əhalisi “Qarabağ”ın ev oyununu keçirəcəyi Respublika stadionunun yarısı qədərdi – 19734. Komanda ev oyunlarını 2950 nəfərlik “Yos Nosbaum” stadionunda keçirir.
Klub futbolçularının 70%-i legionerlərdən təşkil olunub. "Düdelanj"ın heyətində 5 Lüksemburq millisinin futbolçusu var. Komandanın ümumi dəyəri 2.70 milyon Avrodur.Ən bahalı futbolçuları Fransa və Konqo vətəndaşlığına sahib olan Rodrigue Dikaba və bosniya və herseqovinalı Sanel Ibrahimovicdir (200 min avro).
Komandanın baş məşqçisi fransalı Mişel Lefloçmandır.
saytlarin hazirlanmasi