"İlk turda məğlub olmuşduq. "Sumqayıt”la oyunda qələbə qazanmaq bizim üçün çox vacib idi. Biz bilirdik ki, çətin qarşılaşma olacaq. Qol vurduq və qoldan sonra daha yaxşı oynamağa başladıq”.
Sportal.az xəbər verir ki, bu sözlər "Qarabağ”ın futbolçusu Namiq Ələsgərova məxsusdur.
"Qarabağ” Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sumqayıt”ı 2-0 hesabıyla məğlub edib. Həmin qarşılaşmada məhsuldar ötürmə ilə yaddan qalan Ələsgərov ikinci hissədə daha yaxşı oynadıqlarını deyib: "İlk qoldan sonra "Sumqayıt” hücuma atılmağa və oyunda tarazlığı bərpa etməyə çalışdı. İlk hissədə "Sumqayıt”ın müdafiəsini yarmaq çox çətin idi. Qollardan sonra üstünlüyü ələ aldıq və sona qədər üstün oynadıq”.
Sumqayıtda baş tutan matçı izləyənlər arasında "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Göteborq” komandasının məşqçisi Alf Vesterberq də var idi. Ələsgərov bildirib ki, baş məşqçi Qurban Qurbanov futbolçular fərqli taktikada oynamamağı tapşırıb: "Xeyr, heç bir fərqli taktikadan istifadə etmədik. Rəqibi aldatmaq tapşırığı almamışdıq. Yəqin baş məşqçimiz bu amil haqqında düşünüb və müəyyən qərarlar qəbul edib”.
Ələsgərov "Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə yüksəlmək şansı haqqında da danışıb: "Rəqibi tam analiz etməmişik. Sabahdan "Göteborq” haqqında araşdırmalara başlayacağıq. Mən düşünürəm ki, şanslar bərabərdi. Çalışacağıq ki, qrup mərhələsinə vəsiqəni təmin edən tərəf "Qarabağ” olsun”.