Muarem Muarem: "Daha əvvəlki günlərimi xatırlatmağa çalışıram"

10:55 - 12 Avqust 2016

"İlk turda aldığımız məğlubiyyət komandamıza çox pis təsir eləmişdi. Ona görə də, "Sumqayıt”la oyunda qələbə qazanmalı idik. Mütləq qələbəyə köklənmişdik. Uğur qazanacağımıza əmin idik. Çünki qələbə qazanmaq üçün alışıb-yanırdıq. Düzdü, hesab böyük də ola bilərdi. Sadəcə, bir neçə real qol epizodundan yararlana bilmədik”.

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Muarem Muarem söyləyib.

 

"Qarabağ” Azərbaycan Premyer Liqasının II turunda səfərdə "Sumqayıt”ın qonağı olub. Görüş "Qarabağ”ın 2-0 hesablı qələbəsiylə başa çatıb. Matçdan sonra saytımıza açıqlama verən Muarem matç zamanı daha təmkinli olduqlarını söyləyib:

 

"Fasilə ərəfəsində baş məşqçimiz Qurban Qurbanov bizə daha təmkinli, daha sakit olmağımızı tapşırdı. O, daha sakit olacağımız halda qollar vura biləcəyimizi söylədi. Biz də baş məşqçimizin tapşırıqlarına əməl etdik və ikinci hissədə iki qol vuraraq, qələbəmizi təmin etdik”. 
 
"Qarabağ”ın ilk qolunun müəllifi olan makedoniyalı futbolçu xoşbəxt olduğunu dilə gətirib:

 

"Sevinirəm ki, məndə hər şey normasına düşür. Daha əvvəlki günlərimi xatırlatmağa çalışıram. İnanıram ki, üzərimə düşən öhdəliyi yerinə yetirə biləcəyəm. Komanda üçün bacardığımın ən yaxşısını etməyə çalışıram”. 
 
Sumqayıtda baş tutan matçı izləyənlər arasında "Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Göteborq”un məşqçisi Alf Vesterberq də var idi. Muaram rəqib məşqçinin oyunlarını izləməsinə belə münasibət bildirib:

 

"Düzü, onun matçı izləyənlər arasınmda olduğundan xəbərdar deyildim. Amma biz ona görə oyun üslubumuzu dəyişə bilməzdik. Meydana çıxdıq və öz futbolumuzu oynadıq. "Götborq”a gəlincə, rəqibimiz yaxşı komandadı. Onların oyununu kollektiv şəkildə izləmişik. Səfərdəki oyunda mübarizə aparacağıq və Bakıya sərfəli nəticə ilə qayıtmağa çalışacağıq”.

 

Xəbər xətti