"Qarabağ"dan "CBC Sport"a cavab: "10 gün yox, 3 saat səmərəli işləmək kifayət idi"

20:38 - 17 Avqust 2016

“Qarabağ” “CBC Sport” telekanalının klub haqda verdiyi açıqlamaya münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl Ağdam təmsilçisinin “Göteborq”lə oyununun sözügedən kanalda yayımlanmasına cavab verilməməsi haqda xəbəri belə şərh edib:

 

"Azersun Holding" artıq 15 ildir ki, “Qarabağ” futbol klubuna yüksək səviyyədə sponsorluq edir. Bir oyunun canlı yayımından əldə olunacaq gəlirlə varlı olmayacaq. Söhbət əsla puldan və ya qazancdan gedə bilməz. Bizlər bir-birimizə dəstək olmaqla sadəcə daha da irəli gedə bilərik. Odur ki, “Qarabağ” UEFA oyunlarına ticari bir gəlir mənbəyi kimi baxmır, ölkə futboluna verə biləcəyimiz faydaları fikirləşir.

 

Gördüyünüz kimi, matçın Azərbaycanda yayımı üçün 10 gün yox, 3 saat səmərəli işləmək kifayət idi”.

 

Xatırladaq ki, "CBC Sport"un bu matçla bağlı açıqlamasında deyilirdi:

 

"CBC Sport" telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin "Göteborq" klubu ilə "Qarabağ" komandası arasında keçiriləcək matçların kanalımızda yayımı baş tutmayacaq. Bunun səbəbi "Qarabağ" Futbol Klubuna 10 gün əvvəl etdiyimiz təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidi”.

Xəbər xətti