"Çətin qrupa düşmüşük. Bu turnirdə asan komanda yoxdur. Amma inanıram ki, yaxşı olacaq".
Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl Avropa Liqasında püşkatma nəticəsində düşdükləri J qrupundakı rəqibləri dəyərləndirərkən deyib.
Klub rəsmisi İtaliyanın "Fiorentina", Yunanıstanın PAOK və Çexiyanın "Slovan" klublarına qarşı layiqli mübarizə aparmağa və qrupdan çıxmağa çalışacaqlarını bildirib: "Bir daha qeyd edim ki, Avropa Liqasının qrup mərhələsində asan rəqiblər olmur. Əksinə, biz daha çox işləməli və daha da motivasiyalı olmalıyıq. Düşünsək ki, ikinci yeri tutub qrupdan çıxacağıq, bu, motivasiyamızı azalda bilər. Ona görə də asan qrupa düşdüyümüzə dair fikirlərlə razı deyiləm. Əlimizə düşən imkanlardan yararlanmağa çalışacağıq".
Ə.Çəlikəl komandanın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü ilə bağlı da danışıb: "Ot örtüyünü yaxşı hala salmaq üçün çalışmalara başlamışıq. Oyunlarımızı bu stadionda keçirəcəyik. İşin gedişatında necə olacağını görəcəyik".
saytlarin hazirlanmasi