“Hər bir oyun bizim üçün vacibdi. Heyətdə dəyişikliklər etsək də, qələbə üçün oynadıq”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində bu gün “Zirə”ni qəbul edən “Qarabağ” matçdan 2:0 hesablı qalibiyyətlə ayrılıb.
Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov nəticəni belə şərh edib:
- Ümumən pis alınmadı. Sonluğa baxanda 2:0 hesablı qələbə yaxşı nəticədi. Oyun düşündüyümüz kimi alındı. “Slovan”la matçdan sonra bəzi futbolçularımızın mikro zədələri var idi. Buna görə də, risk etmək istəmədim. Meydana çıxan oyunçulardan da tam razı qaldım.
- Bədavi Hüseynovun zədəsi nə yerdədi?
- Fərdi məşqlərə başlayıb. Ya sabah, ya birisigün kollektivlə birgə məşqlərə qoşulacaq. “Kəpəz”lə oyuna hazır olacaq. Həmin görüşdə 90 dəqiqə oynayıb-oynamayacağını bilmirəm.
- Qara Qarayevi bu gün müdafiənin mərkəzində oynatdınız. Həmin mövqedə necə təsir bağışladı?
- Qaranı bəzi yoxlama görüşlərində o mövqedə yoxlamışıq. Orda da oynamaq gücündədi. Müdafiənin mərkəzi Qara üçün tanışdı. Bəzən məşqlərdə, ikitərəfli oyunda da onu bu mövqedə yoxlayırıq.
- Bu görüşdə dubl edən Rahid Əmirquliyev əvvəlki oyununu tam bərpa edibmi?
- Rahid çoxdan hazırdı. Artıq neçə oyundu ki, çempionatda əsas heyətdə meydana çıxır. Sadəcə, bəzi nüanslar var ki, hər dəfə meydana buraxa bilirəm. Çoxdan hazırdı. Tam öz oyununu bərpa etməsi üçün oyun praktikası lazımdı.