Qurban Qurbanov: "Prosineçki ilə söhbət etməyi düşünmürük" MÜSAHİBƏ

18:21 - 25 Sentyabr 2016

“Yaxşı mübarizəli oyun oldu. Baxmayaraq ki, baxımlı futbol göstərməyə imkan olmadı”.

 

Sportal.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
 
Azərbaycan Premyer Liqasının VI turunda “Kəpəz”in qonağı olan Ağdam klubu meydanı 1:1 hesablı bərabərliklə tərk edib.
 
Qurbanov qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında çətin oyun keçirdiklərini söyləyib: “Şikayət kimi olmasın, meydançanın durumu elə də yaxşı deyildi. Futbolçular çox əziyyət çəkdilər. Amma onlardan razı qaldım. Gəncə səfəri ən ağır səfərlərdən biridi. Yəqin 15 min azarkeş olardı. Onlara təşəkkür edirəm ki, öz komandalarını sevirlər. Məğlub ola da bilərdik. 1 xala görə şükür edirik. Qazanılan hər xal böyük üstünlükdü”.
 
- Meydançanın durumu Avrokubok öncəsi sizi narahat etmirdi?
- Bir çox oyunçuya əvvəlki matçda istirahət vermişdik. Meydançanın bu durumda olacağını düşünmürdüm. Dünənki yağış ot örtüyünü daha da pis vəziyyətə saldı. Avrokuboka hələ 4 günümüz var. Heç kim zədədən sığortalanmayıb. Şükür ki, zədəsiz bitirdik.
 
- Arif Daşdəmirovun oyunundan razı qaldınızmı?
- Razı qaldım. Bu meydançada səhvlər qaçılmazdı. Təkcə o yox, bir çox futbolçu səhv etdi. Daha çox etirazımız lazımsız yerdəki cərimə zərbələri oldu. Rəqibin fiziki gücə malik futbolçuları var. Arif ilk hissədə aktiv oldu. Hücumlara qoşulurdu. Yeni transfer Ndolovudan da razı qaldım. Qol vurmaq üçün yaxşı imkanı da oldu. Sadəcə, top dirəkdən döndü.
 
- “Qarabağ” “Fiorentina”dan xal qopara biləcək?
- Bilmirəm. İnşallah, çalışacağıq yaxşı çıxış edək.
 
- Millinin baş məşqçisi Robert Prosineçki ilə görüşünüz planlaşdırılırmı? Çünki yığmanın əsasını “Qarabağ”ın oyunçuları təşkil edir...
- Olmayacaq. Biz öz proqramımızı tutmuşuq. Ayın 2-də oyun var. Milli oktyabrın 3-də toplaşacaq. Prosineçki ilə söhbət etməyi düşünmürük. İnşallah, millinin oyunundan sonra 6 gün vaxt olacaq. Kimə istirahət etmək lazım olsa, bu şəraiti onlara yaradacağıq. (Apasport.az)

Xəbər xətti